Əmək və sosial müdafiə sahəsində Monteneqro ilə əməkdaşlıq müzakirə olunub (FOTO)

Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi
əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan tərəfindən həmsədri,
əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə
Monteneqronun Azərbaycandakı diplomatik nümayəndəliyinin yeni
rəhbəri xanım Milica Buricin görüşü olub. Görüşdə Monteneqronun
Azərbaycandakı fəxri konsulu Vüqar Əliyev də iştirak edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən xəbərə görə, S.Babayev M.Burici
Monteneqronun ölkəmizdəki diplomatik nümayəndəliyinə yeni rəhbər
təyin olunması münasibətilə təbrik edib.

O, Azərbaycanla Monteneqro arasında yüksək səviyyəli siyasi
dialoqa, dostluq münasibətlərinə əsaslanan əlaqələrin daim
inkişafda olduğunu vurğulayıb. 2020-ci illə müqayisədə, 2021-ci
ildə Azərbaycanla Monteneqronun ticarət dövriyyəsinin 3,75 dəfə
artdığını qeyd edib.

Nazir Azərbaycanda əldə olunan sosial-iqtisadi nailiyyətlər,
əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan son islahatlar
və bu islahatların müsbət nəticələri barədə məlumat verib.

İkitərəfli münasibətlərin inkişafı üçün yaxşı perspektivlərin
olduğunu qeyd edən S.Babayev bu baxımdan Azərbaycan və Monteneqro
Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın
əhəmiyyətini vurğulayıb. Ölkələrimiz arasında əməkdaşlıq
əlaqələrinin müqavilə-hüquq bazasının genişləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.

M.Buric ölkəsi ilə Azərbaycan arasında dostluq münasibətlərinə
əsaslanan əməkdaşlığın getdikcə genişlənməsinin məmnunluq
doğurduğunu, ikitərəfli əməkdaşlığın daha geniş miqyas alması
istiqamətində töhfəsini vermək üçün səylərini daim artırdığını
bildirib.

Görüşdə iki ölkənin mövcud əməkdaşlıq əlaqələrinə və bu
əlaqələrin gələcək inkişafına dair fikir mübadiləsi aparılıb.

Teqlər: