Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən
hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi
Qaydası təsdiq olunub.
AzerTimes xəbər verir ki, bununla
bağlı Nazirlər Kabinetinin 175 № li Qərarına
dair izahında deyilir ki, qaydalarda əmək pensiyalarının təyin
edilməsi, hesablanması və yenidən hesablanması, bir növdən başqa
növə keçirilməsi üçün vətəndaşlar, o cümlədən müəyyən müddətə və
ömürlük azadlıqdan məhrumetmə növündə cəzaya məhkum olunmuş
şəxslər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin və ya
onların ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ
olan ailə üzvləri, habelə xaricdə daimi yaşayan Azərbaycan
Respublikasının vətəndaşları və s. tərəfindən edilən müraciətlərə
baxılması və nəticələri ilə bağlı onların məlumatlandırılması
vasitələri, müddəti və prosedurları, əmək pensiyalarının təyin
edilməsi və hesablanması, yenidən hesablanması və bir növdən başqa
növə keçirilməsi, həmçinin əmək pensiyalarının ödənilməsi və əmək
pensiyalarının ödənilməsinin dayandırılması ilə bağlı müddəalar əks
olunub.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda
edilmiş müvafiq dəyişikliyə əsasən 2019-cu il yanvarın 1-dən
etibarən sığortaolunanların əmək pensiyalarının avtomatlaşdırılmış
qaydada təyin edilməsi üçün onların fərdi hesabının sığorta
hissəsində 2006-cı il 1 yanvar tarixdən 2018-ci ilin 1 iyul
tarixinədək məbləğindən asılı olmayaraq pensiya kapitalı qeydə
alınmışdırsa, 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial
sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq
avtomatlaşdırılmış qaydada hesablanır. Əmək pensiyalarının
avtomatlaşdırılmış qaydada təyinatı üçün ikinci şərt
sığortaolunanların qanunvericiliklə müəyyən edilən pensiya yaş
həddinə çatmaqlarından ibarətdir. Bu halda şəxslərin pensiya təyin
edən orqana müraciətləri daxil olmadan və müvafiq sənədləri təqdim
edilmədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sosial
internet portalı üzərindən onların əmək pensiyası hüququ yarandığı
gün müvafiq komputer-proqram təminatı vasitəsilə əmək pensiyası
elektron qaydada təyin edilir və həmin şəxslərin məlumat bazasında
olan əlaqə vasitələrindən birinə bildiriş göndərilir.
Qərarda əmək pensiyalarının bütün növləri üzrə (yaşa, əlilliyə
və ailə başçısını itirməyə görə) avtomatlaşdırılmış təyinat üçün
2006-cı il 1 yanvar tarixədək olan dövrün sosial sığorta stajının
hesablanması şərtləri əks etdirilib.