Prezident İlham Əliyev Əmək pensiyalarının indeksləşdirilməsi haqqında sərəncam imzalayıb.
Trend xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasında pensiyaçıların sosial müdafiəsini gücləndirmək məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci və 29.1-1-ci maddələrinə uyğun olaraq qərara alınır:
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 2021-ci il 1 yanvar tarixinə 2020-ci il üzrə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin müəyyən etdiyi:
– orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 2021-ci il 1 yanvar tarixinədək təyin edilmiş bütün növ əmək pensiyalarının sığorta hissəsinin;
– istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində 2021-ci il 1 yanvar tarixinədək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.