Əmək müqaviləsi olmadan işçilərin işə cəlb edilməsi halları aşkar olunub

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əmək
münasibətlərinin rəsmiləşdirilməsi, fiziki şəxslərin əmək
müqaviləsi bağlamadan müxtəlif işlərə cəlb edilməsi hallarının
qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam
etdirir.

Bu barədə AzerTimes-a qurumdan bildirilib.

Xidmətin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən
işçilərin əmək müqaviləsi olmadan muzdlu işlərin yerinə
yetirilməsinə cəlb edilməsi ilə bağlı növbəti operativ nəzarət
tədbirləri həyata keçirilib. İctimai iaşə obyektlərində aparılan
nəzarət tədbirləri zamanı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan
qəsəbəsi, Almas İldırım küçəsində; Yasamal rayonu, Qubanov
küçəsində və İnşaatçılar prospektində Atayev Fərid Əşrəf oğluna
məxsus obyektlərdə ümumilikdə 23 nəfərin, Bakı şəhəri, Nərimanov
rayonu, Əhməd Rəcəbli 1, ev 27 ünvanda yerləşən Məmmədov Hikmət
Mahmud oğluna məxsus obyektdə 13 nəfərin əmək müqaviləsi hüquqi
qüvvəyə minmədən muzdlu işlərin yerinə yetilməsinə cəlb edildiyi
müəyyən edilib.

Faktlar yerində aktlaşdırılıb, sahibkarlara əmək müqaviləsi
(kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı
işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmasının
yolverilməzliyi izah edilib. Əmək və vergi qanunvericiliyinin
şərtlərinin kobud şəkildə pozulmasına yol vermiş Fərid Atayev və
Hikmət Məmmədov barəsində tərtib olunmuş materialların hüquqi
araşdırmaya göndərilməsi nəzərdə tutulub.

Qeyd olunmalıdır ki, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada
əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən
tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin
gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə,
işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində bu cür
hallara birinci dəfə yol verdikdə 2 min manat, ikinci dəfə yol
verdikdə 4 min manat, üç və daha çox dəfə yol verdikdə isə 6 min
manat məbləğində maliyyə sanksiyası tətbiq olunur.

Dövlət Vergi Xidməti bir daha xatırladır ki, işçilərin əmək
müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə
yetirilməsinə cəlb edilməsi qanunvericiliklə qadağandır və bu,
işçilərin əmək və sosial hüquqlarının pozulmasına gətirir, habelə
əmək münasibətlərinin və gəlirlərin gizlədilməsinə yol açır.
İşəgötürənlər belə hallara yol verməməli, əmək müqaviləsinin
işçilərin hüquqlarının təminatı rolunu oynadığını
unutmamalıdırlar.

Teqlər: