Əmək müqavilələrinin sayında artım var – Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə
olan Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüş
olub.

Nazirlikdən Trend-əverilən məlumata görə, əmək və əhalinin
sosial müdafiəsi naziri Sahil Babayev əhalinin sosial müdafiəsinin
gücləndirilməsinin Prezident İlham Əliyevin sosial-iqtisadi
siyasətinin başlıca istiqamətlərindən olduğunu vurğulayıb.
Ölkəmizdə aparılan sosial islahatları qeyd edən nazir xüsusilə son
illər sosial ödənişlərdəki ciddi artımları diqqətə çatdırıb.

Həmçinin, 2022-ci ilin əvvəlindən Azərbaycanda sosial
ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketinin həyata
keçirildiyi, 3,4 milyon şəxsi əhatə edən bu paket üçün illik əlavə
2,1 milyard manat ayrıldığı bildirilib.

Ümumən son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayının 30
faiz, əmək haqqı fondunun 2,2 dəfə artdığı bildirilib. Bu ilin 1
may tarixinə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7
min artım olduğu qeyd edilib. Özünüməşğulluq proqramının dəfələrlə
genişləndiyi, bu proqrama son 4 ildə 49 min ailənin cəlb edildiyi
diqqətə çatdırılıb.

Postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək
tədbirlərinin artıq 100 min şəxsi əhatə etdiyi, onlara 175 min
sosial xidmət göstərildiyi qeyd olunub.

Eləcə də son illər əmək və məşğulluq sahəsində innovativ
həllərin geniş tətbiqi istiqamətində əldə olunan nailiyyətlər,
“Əmək və Məşğulluq” altsistemi, onun əmək bazarı iştirakçıları üçün
mühüm faydaları barədə məlumat verilib.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının rəhbəri
Çad Şteyinberqin və nümayəndə heyətinin üzvlərinin fikirləri
dinlənilib. Ölkəmizdə son illər həyata keçirilən sosial
islahatlara, əmək bazarındakı yeniliklərə dair müzakirələr
aparılıb.

Teqlər: