“Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azerlotereya” ASC-nin birgə təşkilatçılığı ilə keçirilən “Əmanətə Sədaqət” layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan şəhid övladları ilə “Sea Breeze Resort” istirahət kompleksində görüş keçirilib.
AzerTimes xəbər verir ki, görüş zamanı öncə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azerlotereya”nın nümayəndələri 30-dan çox şəhid övladı ilə səhər yeməyi süfrəsi ətrafında bir araya gəliblər.
Birliyin sədri Sevinc Alızadə və “Azərlotereya” ASC-nin İdarə Heyətinin üzvü Saleh Tüfekçi yeni tələbə adını qazanmış şəhid övladlarını təbrik edərək onlara gələcək təhsil həyatlarında uğurlar arzulayıblar. Təhsil müddəti boyunca hər zaman onları dəstəkləyəcəklərini və yeni-yeni uğurlar qazanmaq üçün onların yanlarında olacaqlarını bildiriblər.
Günün davamında iştirakçılar “Sea Breeze Resort” istirahət mərkəzinin ofisini və kompleks ərazisində yerləşən yaradıcılıq mərkəzini ziyarət edərək əyləncəli və səmərəli zaman keçiriblər.
Görüşün sonunda tələbə şəhid övladlarına hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və “Azərlotereya”nın birgə həyata keçirdiyi “Əmanətə Sədaqət” layihəsi çərçivəsində ali təhsil müəssisələrində təhsil alan şəhid övladları təqaüdlə təmin olunur. İndiyədək 110 şəhid əmanətini əhatə edən bu sosial layihəyə bu il 40 yeni iştirakçı qoşulub. Layihə çərçivəsində Türkiyənin dövlət ali təhsil müəssisələrində təhsil alan şəhid övladlarının təhsil haqqı və yaşayış xərcləri, həmçinin Azərbaycanda ali təhsil alan şəhid övladlarının yaşayış xərcləri qarşılanır.