Əmanətçilərin nəzərinə: Sabahdan vergi tətbiqi başlayır

Əmanətçilərin nəzərinə: Sabahdan vergi tətbiqi başlayır

Banklarda olan əmanətlər 2016-cı il fevralın 1-dən etibarən 7 (yeddi) il müddətində vergidən azad edilmişdi. Belə ki, Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Lakin bu müddət sabah başa çatır.

AzerTimes xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.

O bildirib ki, bundan əlavə, Vergi Məcəlləsinə edilən son dəyişikliklərdə də bu maddə üzrə güzəşt müddətinin uzadılması nəzərdə tutulmayıb:

“Bu o deməkdir ki, əgər bu maddədə düzəliş edilməyəcəksə, onda sabahdan əmanətlərə vergi hesablanacaq.

Əmanətlərin gəlir vergisindən azad edilməsi banklara daha çox depozitin cəlb edilməsinə imkan yaratdı. Doğrudur, bu, yeganə səbəb deyildi. Amma vergisiz əmanətlər vətəndaşlar üçün daha cəlbedici idi. Əgər 2016-cı ildə dəyişikliklər qəbul edilən zaman banklarda fiziki şəxslərin 8 milyard 77 milyon manat əmanəti vardısa, ötən müddətdə bu göstərici 11 milyard 743 milyon manatadək yüksəlib. Bu artımlarda 2017-ci ildən sonra əldə edilən maliyyə stabilliyinin xüsusi rolunu da qeyd etmək lazımdır”.

Millət vəkili, həmçinin, vergi güzəştinin uzadılmamasının əmanətlərin həcminə və xüsusən də valyuta strukturuna neqativ təsir göstərə biləcəyini vurğulayıb:

“Bu milli valyutada yığımlara marağı da azalda bilər. Belə ki, bu dəyişikliklər qəbul edilən zaman əmanət portfelində manatla depozitlərin payı cəmi 18.0 faiz idisə, indi bu rəqəm 61.0 faizədək yüksəlib. Göründüyü kimi, manatın stabilliyi, milli valyutada depozitlərə daha çox dividendin ödənilməsi kimi faktorlar ilə yanaşı vergi güzəştləri də manatla yığımlara marağı artırıb.

Bu baxımdan, daha məqsədə uyğun olardı ki, ya məcəlləyə dəyişiklik edilib güzəşt müddəti daha 1 il uzadılsın və ya sığorta olunan əmanətlər gəlir vergisindən azad olunsun. Birinci halda növbəti 1 il müddətdə yeni mexanizm hazırlamaq mümkündür. Həmin mexanizm artıq 2024-ci ilin fevralında tətbiq olunan zaman hər hansı çətinlik yaratmaz. İkinci halda əmanətçilərin əksər hissəsinin depozitləri sığortalanan olduğu üçün bu əksər fiziki şəxsləri əhatə edəcək”.

Teqlər: