Elvin Elçin oğlu Məmmədovun “Müharibə veteranı” adının verilməsi ilə bağlı müraciəti Müdafiə Nazirliyində araşdırılıb, müvafiq dəqiqləşdirmə aparılıb və qərar qəbul edilməsi üçün aidiyyəti üzrə komissiyaya göndərilib.
Bu sözləri AzerTimes-a açıqlamasında Vətən müharibəsi iştirakçısı Elvin Məmmədovun veteranlıq təqaüdünün dayandırılması ilə bağlı danışan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, E.Məmmədov barədə qərar qəbul edildikdən sonra onun adı “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcəkdir:
“Yaxın zamanda vətəndaş E.Məmmədova Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq”,-A.Eyvazov deyib.