Son günlər AMEA ətrafında cərəyan edən hadisələr cəmiyyətdə
geniş əks-səda doğurub, xüsusilə elm xadimlərinin narazılıqlarla
dolu ünvanlı müraciət və yazıları diqqət mərkəzindədir. Dünya elm
tarixinə möhtəşəm töhfələr vermiş, öz zəkası və qələmi ilə
Azərbaycan alimini və elmini bu tarixin ləyaqətli parçasına
çevirmiş, novator təşəbbüsləri ilə elm məsləkdaşları arasında
xalqımızın başını uca etmiş Azərbaycan alimlərinin harayı ürək
ağrıdır. Ömrünü, həyatını həsr etdiyi əzəmətli elm ocağının hazırda
avtokrat düşüncəli birinin məngənəsində sıxılmasına təbii ki, bu
zəka sahibləri biganə qala bilməzdilər və qalmadılar. Bizi ucaldan
və uğurlarımızın əsasında dayanan elmimizi xilas etməliyik. Artıq
susqun qala biməyəcəyimiz məqam yetişib, bu məsələdə prinsipial
mövqe sərgiləyib elmimizə və alimlərimizə dəstək olmaq vətəndaş
məsuliyyətimizdir.
Əzəməti ilə hər birimizi qürurlandıran elm məbədinin divarları
arasında baş verənləri ürək ağrısı ilə dilə gətirib, xilas yolu
axtaran şəxslərin düzgün mövqeyini qəbul etmək əvəzinə, onların
hədəfə alınması, təhqir olunması ikrah hissi yaradır. Elm
bəşəriyyətə, insana xidmət göstərməlidir və göstərir. Onun
mahiyyətini daraldaraq cılızlaşdırmaq bəs nəyə xidmət edir?
AMEA-nın hazırkı prezidenti Ramiz Mehdiyev həqiqətənmi baş
verənlərin mahiyyətini dəyərləndirmək iqtidarında deyil? Ömrünün
bəlli yaşını yaşamış, kifayət qədər həyat təcrübəsi olan şəxsin
prosesləri daha da gərginləşdirib, xoşagəlməz məcralara
yönləndirmək cəhdləri başadüşülən deyil. Hamını düşmən kimi görmək,
yersiz savaş açmaq məqamı deyil. Tərəzinin bir gözünə öz
maraqlarını, digərinə isə elmimizin yaralarını qoyub baxmaq
lazımdır. Ömrünü elmə həsr edən görkəmli alimlər, eləcə də ictimai
xadimlərin narahatlıqları naməlum istiqamətdə məhvə sürüklənən
Azərbaycan elmini xilas etmək üçündür. Ətrafdan gələn dəstək
əslində kimin haqlı olduğunu nümayiş etdirir. Onlar yanıla bilməz,
həqiqəti danmaq onlar üçün özünü danmaqdır. Bu qədər tənqidlərin
olması və çıxış yolu olaraq AMEA prezidentinin istefasının
istənməsi adi məsələ deyil. Vəzifəsinin icrasına başladığı gündən
apardığı lüzumsuz struktur islahatları, az qala bütün qərarların
mərkəzləşdirilməsi, elm adamlarının sıxışdırılması, küsdürülməsi,
Elmlər Akademiyası daxilində intriqaların pik həddə çatdırılması
artıq bu müqəddəs elm ocağının divarlarını çoxdan aşıb,
yerli-yersiz kuluarlarda müzakirə olunur. Elm adamlarını, xüsusən
gənc alimləri özünə cəlb etmək əvəzinə daha da uzaqlaşdırır. Ramiz
Mehdiyevin rəhbərliyi dövründə Elmlər Akademiyası daha çox
intriqalar, şəxslərarası söz savaşları, maliyyə qalmaqalları ilə
yadda qalıb. Bəs elmi simpoziumlar, kitab nəşri və təqdimatları,
dünya elminə töhfələr, samballı elmi araşdırma və ixtiralar nə vaxt
olacaq? Bütün imkanlarına baxmayaraq, niyə AMEA bir qurum olaraq
elmin nəsillər arasında qırılan bağları ilə bağlı narahat deyil?
Namizədlik və Doktorluq dissertasiyalarının sayı, xüsusən doktorluq
dissertasiyası üzrə elmi işlərin sayının azlığı nə üçünsə AMEA
rəhbərliyini çox da narahat etmir, belə olmasaydı bu yolda
alimlərin qarşısına sədd çəkən süni maeələrin aradan qaldırılması
istiqamətində ən azı müzakirələr aparmaq, əməli işlər görmək üçün
real addımlar təklif olunardı. Lakin nə əməli addım var, nə də
narahatlıq. Bunca lüzumsuz söz-söhbətlərin olduğu müstəvidə təbii
ki, yaradıcılığa yer yoxdur. Ləngər vuran gəmidə qərar tutmaq asan
deyil.
Son baş verənlər elmimizin gələcəyini zərbə altına qoyaraq elmə
həvəs göstərənləri tərəddüd içində saxlayır. Tarix üçün qısa
görünən bu bir neçə il razılaşaq ki, nəsillərarası zənciri qıraraq
dərin boşluq yarada bilər. Özü də tez sağalda bilməyəcəyimiz.
Qurbansa bizik, elmimizdir, gələcəyimizdir.
Dünya elminə Yusif Məmmədəliyev, Ziya Bünyadov, Həmid Araslı,
Tahir Budaqov və s. bu kimi onlarca zəkalı alim bəxş etmiş ocağın
göz görə-görə söndürülməsinə müşahidəçi qalmaq olmaz. Elmimizin
gələcəyi naminə AMEA-nı qorumalıyıq!
Sevil Mikayılova
Millət vəkili