Elmi Tədqiqat Tibbi Bərpa İnstitutuna yeni direktor təyin edilib (FOTO)

Xəbər - Samir Əli – Trend:

Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin (TƏBİB) Elmi-Tədqiqat
Tibbi Bərpa İnstitutuna yeni rəhbər təyin olunub.

TƏBİB-dən AzerTimes-a verilən
məlumata görə, qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən
Vüqar Qurbanovun əmri ilə İnstitutun direktoru vəzifəsi Pərvin
Əkbərova həvalə olunub.

Vüqar Qurbanov bu gündən etibarən vəzifəsinin icrasına başlayan
yeni direktoru kollektivə təqdim edib.

Bununla da, uzun müddət özəl sektorda uğurla fəaliyyət göstərən
uzmanlıq dərəcəsinə malik menecer həkimlərin TƏBİB-in tabeliyində
fəaliyyət göstərən dövlət tibbi müəssisələrinə transformasiyasına
başlanılıb.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Pərvin Əkbərovun
uzun müddət özəl sektorda uğurla çalışdığını, bundan sonra da öz
təcrübəsini Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fəaliyyətinin
yenidən uğurla təşkil olunmasına yönəldəcəyinə əminliyini ifadə
edib.


Daha sonra, Vüqar Qurbanov Elmi Tədqiqat Tibbi Bərpa
İnstitutunun fəaliyyəti, yaradılan şəraitlə yaxından tanış olub,
terapiya mərkəzlərindəki mövcud vəziyyətlə maraqlanıb, həkim
heyətinin təkliflərini dinləyərək, tövsiyyələrini verib.

Qeyd edək ki, Pərvin Əkbərov Tehran Sosial Rifah və
Reabilitasiya Elmləri Universitetinin, Reabilitasiya və
Fizioterapiya üzrə uzmanlıq, İspaniya Milli Tibb Elmləri
Universiteti Osteopatik Klinik Reabilitasiya üzrə Fəlsəfə Doktoru
dərəcəsinə malikdir.

İxtisasca reabilitoloq, fizioterapevt, idman zədələri üzrə
mutəxəssis, osteopat olan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutun yeni
direktoru Tusi Memorial Klinikasında şöbə müdiri, Koreya Şərq
təbabəti klinikasında Fizioterapiya və reabilitasiya şöbəsinin
müdiri, Respublika Dioqnostika Mərkəzində Fizioterapiya və
Reabilitasiya şöbəsinin müdiri vəzifələrində çalışıb. O eyni
zamanda, 2015-2017-ci il Gəncə Reabilitasiya Mərkəzində tibbi
direktor, 2011-ci ildən bu günə qədər Azərbaycan Respublikası Milli
Karate Federasiyasının həkimi, eləcə də, 2018–ci ildən bu günə
qədər isə Gəncə Beynəlxalq xəstəxanasında şöbə müdiri kimi
fəaliyyətini davam etdirib.

Türkiyə, Rusiya, Amerika, Kanada, Almaniya, İspaniya, Niderland,
İran, Çexiya, Cənubi Afrika və Hindistan kimi ölkələrdə müxtəlif
beynəlxalq sertifikasiyalı konfrans və təlimlərdə uğurla iştirak
edib. “A.I.M.S” İdman həkimləri üzrə İtaliya Assosiasiyasının
üzvüdür. Bundan başqa, Pərvin Ələkbərov bir çox elmi məqalələrin də
müəllifidir. Tibb sahəsində bir sıra mütərəqqi yenilik və
texnologiyaların tətbiqi məhz onun adı ilə bağlıdır.

Teqlər: