Xəbər - Samir Əli – Trend:
Bakı Apellyasiya Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov və dəstə üzvlərinin apellyasiya məhkəməsi başlayıb.
AzerTimes-ın məlumatına görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin vəkilləri məhkəməyə 21 bənddən ibarət vəsatət təqdim ediblər. Hakimlər vəsatətlərə növbəti prosesdə baxmağı qərara alıb.
Proses dekabrın 15-də davam etdiriləcək.
Apellyasiya şikayətinə görə, təqsirləndirilən şəxslər ittihamlar üzrə Cinayət Məcəlləsinin təkcə 29,120.1-ci maddəsi ilə təqsirli bilinmələrini, digər maddələr üzrə onlara bəraət verilməsi istəyir.
Qeyd edək ki, Yunis Səfərov və digərləri barəsində bu ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsində hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18-20 il müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, 2018-ci ilin iyulun 3-də Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə cinayət işi başlanılıb.
Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.