Elm “milli” ola bilməz: AMEA ləğv edilsin – Professor

Elm “milli” ola bilməz: AMEA ləğv edilsin – Professor

Hər şeydən öncə demək lazımdır ki, “Azərbaycan Milli Elmlər Akademiyası” (AMEA) adı elə yaranışından qüsurlu olubdur, çünki elm milli ola bilməz, o, beynəlxalq səciyyə daşıyır. Məsələn, kimiya, fizika, biologiya elmləri necə milli ola bilərlər? Ədəbiyyat, musiqi, folklor milli ola bilər, ancaq onları tədqiq edən elmlər (ədəbiyyatşünaslıq, musiqişünaslıq, folklorşünaslıq) yenə milli olmayacaqdır. Sonuncular (məsələn, Azərbaycan ədəbiyyatı, ərəb ədəbiyyatı, fars ədəbiyyatı və s.) eyni və ya oxşar prinsiplər əsasında dünyanın digər ölkələrində də öyrənilirlər.

AzerTimes xəbər verir ki, bu sözləri tanınmış alim, AMEA institutlarında müxtəlif vəzifələrdə çalışmış filologiya elmləri doktoru, professor Kamil Allahyarov (Hüseynoğlu) qeyd edib.

O bildirib ki, digər tərəfdən, “AMEA” adı öz mənası və mahiyyəti etibarilə Azərbaycanda tədqiq edilən bütün elm sahələrini əhatə etdiyi halda, dəqiq elmləri kənara qoyub, yalnız ictimai və humanitar sahələri ehtiva edən bir qurumu “AMEA” adlandırmaq məntiqli deyil:

“Həm də bir qrup ikinci dərəcəli elm sahəsini “akademik” adlandırıb, daha mühum olan digər bir qrupu bu addan məhrum etmək təsnifat baxımından da ziddiyyətlidir.

Nəhayət, öz-özlüyündə aydındır ki, Elm və Təhsil Nazirliyi bütün təhsil sistemini özündə birləşdirdiyi kimi, bütün elm sahələrini də ehtiva etməlidir. Məgər humanitar və ictimai elmlər elm deyilmi?

Ona görə də, fikrimizcə, sonuncuları da Elm və Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən “İctimai və Humanitat Elmlər Mərkəzi” adlı bir qurumda birləşdirmək mümkündür. Bu mərkəzin tərkibində isə bir-birinə yaxın olan elm sahələrini birləşdirməklə “Dil və ədəbiyyat qurumu”, “Tarix və arxeologiya qurumu”, “Folklor və etnoqrafiya qurumu” və s. kimi bölmələr yaratmaq olar. Belə halda bir çox vəzifələr də öz-özlüyündə ixtisara düşəcəklər”.

Qeyd edək ki, AMEA-da hazırda humanitar sahəni əhatə edən yalnız 11 institutut qalır.

Teqlər: