İran tərəfi Prezident İlham Əliyev ilə İranın mərhum Prezidenti Seyid İbrahim Rəisinin görüşü zamanı əldə edilmiş razılaşmaların iki ölkənin maraqlarına uyğun olaraq həyata keçirəcək.
AzerTimes xəbər verir ki, bunu İranın Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Müxbir iyunun 5-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı bildirib.
Telefon danışığı zamanı İran ərazisindən keçməklə Azərbaycanın Zəngilan rayonunu Naxçıvan ilə birləşdirən yol-nəqliyyat xəttinin yaradılması istiqamətində aparılan işlər müzakirə olunub.
Prezident İlham Əliyev söhbət zamanı İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində keçirilmiş görüşü, görüşdə aparılmış müzakirələrin və əldə edilmiş razılaşmaların əhəmiyyətinə toxunub.
Bildirilib ki, bir çox önəmli məsələlərin müzakirə edildiyi həmin görüşdə əlaqələrin inkişafının gələcək istiqamətləri və hər iki tərəfin güclü siyasi iradəsi bir daha təsdiqlənib. Azərbaycanın bu görüşdə əldə edilmiş razılaşmalara tam şəkildə sadiq olduğunu deyən dövlət başçısı bildirib ki, Azərbaycan onların icrası istiqamətində İran İslam Respublikası ilə birlikdə fəaliyyətini davam etdirəcək.