Əliyevin zəngi, Lavrovun səfəri:

Əliyevin zəngi, Lavrovun səfəri:

Ukrayna, Suriya, Finlandiya+İsveç, Cənubi Qafqaz…

Türkiyə-Rusiya masasında 4 gündəm var. Tərəflər iki məsələdə uzlaşır, iki məsələyə “barter” prinsipi ilə yanaşırlar:

a) Moskva Ankaranın vasitəçiliyi ilə “taxıl dəhlizi” üzərindən istəklərinə nail olmağı planlaşdırır: Qərb sanksiyalarının ən azı yumşaldılması və Ukraynanın yenidən “İstanbul danışıqlarına” gəlişi;

b) Ankara Suriyada növbəti əməliyyatı üçün bölgədə Rusiya üzərindən zəmin formalaşdırır.

Və uzlaşma nöqtəsi olan bu iki məsələ fonunda tərəflərin bir-birindən istədiyi iki məsələ də mövcuddur.

Birincisi, Finlandiya+İsveçin NATO-ya üzvlüyüdür: Türkiyə PYD/YPG terrorçularına dəstək verən bu iki ölkənin ittifaqa üzvlüyünə haqlı olaraq qarşı çıxır və bu, NATO-nun genişlənməməsi, Baltik dənizi və Arktikada güclənməməsi baxımından Rusiyanın maraqlarına uyğun gəlir;

İkincisi, Cənubi Qafqazda postmünaqişə dövrünün gündəliyinin icrasıdır: Ankara Moskvanın üzləşdiyi geosiyasi dalandan bölgədə Türkiyə-Azərbaycan maraqlarının təmin edilməsi naminə istifadə etmək niyyətindədir.

Ankara və Moskva Cənubi Qafqazda müharibədən sonrakı vəziyyəti (iki ölkənin həlledici rolunu) qaytarmağa çalışır. Və Türkiyənin üçtərəfli razılaşmaların icrası ilə yanaşı, digər mümkün istəklərinin olduğu da istisna deyil: bura erməni qoşunların çıxarılması, Zəngəzur dəhlizinin 10 noyabr razılaşmasına uyğun olaraq “maneəsiz çıxış” prinsipi ilə açılması, sərhədin delimitasiyası prosesində Ankaranın aktiv iştirakı və s. daxildir.

Bu məsələlərin müzakirə olunduğu Lavrov-Çavuşoğlu görüşündən öncə baş verənlər də diqqət çəkir: Ərdoğanın Bakıda Əliyevlə görüşündən sonra Azərbaycan prezidenti Putinə zəng etdi, Lavrovdan öncə Bayramov Ankarada səfərdə idi və proseslərin inkişafı deməyə əsas verir ki, Çavuşoğlu ilə görüşdə detallar müzakirə edilib. Nəhayət, Lavrov üçtərəfli razılaşmaların icrasının ətraflı müzakirəsi üçün Ankaradan İrəvana uçdu: Rusiya Ermənistanın razılaşması üçün təzyiqlərini artıracaq;

Regionda daşlar yenidən qarışır: yaxın dövrdə Rusiya ilə yanaşı ABŞ-ın həmlələri də olacaq və hər iki tərəfin həm Ankara, həm Bakıya ehtiyacının olması dəyişməyən reallıq olaraq qalır.

Teqlər: