Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi… – Başbuğ

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi… – Başbuğ

Qarabağ və qondarma “erməni soyqırımı” məsələsi, Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları, sərhədlərin bağlanması – hamısı bir-birinə bağlı məsələlərdir. Bütün bunların kökündə “böyük Ermənistan” ideyası və Azərbaycan ilə Türkiyəyə qarşı onillər boyu körüklənən düşmənçilik dayanır. Türkiyənin də Ermənistanla sərhədi bağlamasının əsas səbəbi Azərbaycana qarşı aparılan işğalçılıq müharibəsi olub. Ona görə bununla əlaqədar dövlətlərimiz həmişə bərabər hərəkət ediblər.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin istefada olan kəşfiyyat polkovniki Coşqun Başbuğ Prezident İlham Əliyevin ən ideal variant kimi Ermənistanla Azərbaycan arasında sülh sazişi ilə Ermənistanla Türkiyə arasında kommunikasiyanın açılması anlaşmasının eyni gündə baş verməsi sözləri haqqında deyib.

Başbuğ baş verən son hadisələrin sülhə ümidi artırdığını bildirib:

“Azərbaycan Türkiyənin də siyasi dəstəyi ilə müharibə yolu ilə öz torpaqlarını işğaldan azad edib. Əslində biz tək Ermənistana yox, onun arxasında duranlara qalib gəlmişik. Birlikdə nəyə qadir olduğumuzu görənlər indi bizim gücümüzlə hesablamağa məcburdur. Paşinyan hakimiyyəti də bunu anlamağa və xalqa izah etməyə, müəyyən addımlar atmağa başlayıb. Qazaxın 4 kəndinin Azərbaycana təhvil verilməsi ilə bağlı qərar, delimitasiya və demarkasiyanın başlaması, eyni zamanda Nikol Paşinyan və Alen Simonyanın qondarma “erməni soyqırımı” ilə bağlı “böyük fəlakət” ifadəsini istifadə etməsi böyük hadisələrdir. Yəqin ki, cənab İlham Əliyev də ADA Universitetindəki forumda çıxışı zamanı bu prosesləri nəzərdə tutaraq sülh sazişi ilə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması haqqında sazişin eyni vaxtda imzalanmasını arzu etdiyini bildirib. Bunun özü də birliyimizi, bərabərliyimizi dünyaya nümayiş etdirəcək”.

Polkovnik erməni xalqının hazırda seçim qarşısında olduğunu vurğulayıb:

“Ancaq bəhs etdiyimiz məsələ müəyyən vaxt aparacaq. Çünki məğlubiyyətdən sonra yaşadığı psixoloji çöküşdən çıxa bilməyən erməni xalqı həqiqəti qəbul etməkdə çətinlik çəkir. Bundan istifadə etmək istəyənlər xalqı iğtişaşa çağırır və sülhə gedən yolu əngəlləməyə çalışırlar. Lakin erməni xalqı qarşısında iki yolun olduğunu bilməlidir. Birinci və ən məqbul yol inkişafı, normal qonşuluq münasibətlərini, sülhü seçməkdir. İkincisi isə inkişafı dayandıracaq, düşmənçilik, qan və göz yaşı gətirəcək yoldur. Onlar müxtəlif yerlərdən göndərilən silah-sursata, hərbi texnikaya, verilən boş vədlərə inanıb nəyəsə ümid edirlərsə, bu hərdəmxəyallıqdan başqa bir şey deyil. Anlamalıdırlar ki, Fransada, ABŞ-da lüks həyat içində yaşaya-yaşaya erməni xalqına müharibə yolunu göstərənlər ən ağır anlarda onların dadına çatmayacaq. Ona görə hökumətlərinə qulaq asmalı və iğtişaş törətməkdən əl çəkməlidirlər. Fikrimcə, Paşinyan və komandası da sonadək siyasi iradə nümayiş etdirməli, sülh müqaviləsini imzalamaq üçün özlərində güc tapmalıdır. Çünki başqa yol yoxdur. Amma bunu bacarıb-bacarmayacaqları hələ sual altındadır. Əgər bunu edə bilsələr, İlham Əliyevin təklifinin də reallaşması mümkün olacaq. Hər halda son dörd ilə yaxın müddətdə Azərbaycan və Türkiyə sülh üçün əlindən gələni edib, seçim isə Ermənistanın özünə qalıb”.

Qeyd edək ki, İlham Əliyev 23 apreldə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı Azərbaycanla Ermənistan arasında sülh sazişi və Ermənistanla Türkiyə arasında bütün kommunikasiyaların açılması ilə normallaşma sazişinin eyni gündə imzalanmasının daha ideal olduğunu vurğulayıb.

Teqlər: