“Şəxsən mən Qarabağı azad edərkən 17 il idi prezident idim və lazım olsaydı, biz daha 17 il gözləyərdik ki, torpaqlarımızı azad edək. O zaman fərqi yoxdur kim prezident olacaqdı. Yəni, bunun heç bir fərqi yoxdur.
Bəlkə də bu hadisə 50 il sonra baş verəcəkdi. Yəni, burada insan eqoist olmalı deyil. Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi”.
Bu sözləri Prezident İlham Əliyev İkinci Şuşa Qlobal Forumunda beynəlxalq media və ekspertlərin sualını cavablandırarkən deyib.
Razı deyiləm!
İlham Əliyev İkinci Qarabağ savaşına qədərki 17 illik prezidentliyi dövründə, axı, qətiyyən gözləməmişdi: bunun üçün inanılmaz bir mücadilə vermişdi:
– Ermənistan liderləri ilə aparılan danışıqlar, 2011-ci ildə rəqibi bütün danışıqları bitirəcək səviyyədə masada məğlub etmək, prinsiplərdən geri çəkilməmək, İrəvanın ən yaxın hərbi müttəfiqlərini illərlə çalışaraq, mükəmməl siyasətlə öz tərəfinə çəkmək və ən yaxın dostuna çevirmək – bütün bunlar qətiyyən “gözləmək” deyildi!
– Addım-addım, zərrəbinlə hesablanmış siyasətlə, bütün beynəlxalq platformalardakı debatlarla İlham Əliyev bu qələbə üçün çalışırdı!
– Türk Dövlətləri Təşkilatının yaranması, Azərbaycanın geosiyasi mövqeyindən məharətlə istifadə, Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə qaldırılması…
2010-cu ilə qədər Türkiyənin o vaxtkı siyasətində Ermənistanla açılıma çalışmaq da vardı: hətta Türkiyə XİN başçısı Əli Babacan beynəlxalq platformada erməni həmkarı ilə deyə-gülə söhbət edib, Azərbaycan nümayəndə heyətinə bir aşağılayıcı nəzər salıb, “açılımdakı maneədən” – yəni Azərbaycandan narazılığını da nümayiş etdirmişdi.
Vaxt gəldi və Ərdoğan üçün Babacan artıq “Bəbəcan” oldu!
Kim dəyişdi bu münasibəti? Əlaqələr indiki qardaşlığa, birgəliyə, vahidliyə necə qalxdı? Türkiyə ictimaiyyətinin qəlbini fəth edən, “Türkiyə burda yoxdursa, mən burdayam” sözü ilə qardaşlıqda yeni bir səhifəni kim açdı?
Türkiyə-Ermənistan futbol matçını bir siyasi masaya çevirib, Azərbaycan bayrağını meydana buraxmamaq və “çöplüyə atmaq”dan – türk qardaşlarımızın bu bayrağı öpüb göz üstünə qoymağa qədər yüksələn inam, güvənc və sədaqəti kim yaratdı?
Seriallarında 2003-2005-ci illərdə “bu azərilər də…”, “bu azərilər pul üçün…” ifadələri necə oldu ki, 2010-cu ildən Mübariz İbrahimov dastanının təbliği, türk ölkələri əsgərlərinin birgə, çiyin-çiyinə düşmənə qarşı savaşı ilə əvəzləndi?
Sərkisyanı KTMT iclasında öz tərəfdaşlarının qınağı ilə üz-üzə qoyub, ən çətin vəziyyətində yanında olduğu Lukaşenkonun onu ifşa etməsinə nail olmaq, sonra Aprel savaşını dayandırıb, Serji öhdəlik götürməyə məcbur edib, Putinin təzyiqini İrəvana yönəltmək, Paşinyanı Avropa meydanlarında siyasi debatlarda darmadağın etmək…
Niyə “Vur” əmri 12 iyul 2020-də Tovuz döyüşlərində, sərhəddə verilmədi? Niyə məhz 27 sentyabrda savaş başladı? Vaxt necə seçilmişdi?
– 44 günlük savaşda hər çıxışı ilə xalqı səfərbər etmək fitrəti, qələbə inamını bu qədər özgüvənlə aşılamaq gücü, az qala hər gün xarici mətbuat nümayəndələrini qəbul edib, onların təxribatçı, “müstəntiq” suallarını məharətlə cavablandırmaq, ABŞ-ın ən məşhur verilişinin ən tanınmış simasını “Siz hazırlıqlı insansınız” sözləri ilə söz debatında uduzduğunu etiraf etməyə məcbur etmək…
– Təkcə xalqı deyil, bu ölkənin, bu Vətənin dağını, daşını, suyunu, odunu, havasını belə mübarizə vasitəsinə çevirmək…
– “Noldu, Paşinyan” kimi ifadələrlə bu xalqın “məmə” deyənindən “pəpə” yeyəninə qədər hər kəsi böyük ruh yüksəkliyində tutmaq…
Kim bacarardı bunu?
44 günlük savaş boyu İlham Əliyevin xalqa müraciətləri ayrı aləmdir. Allah hər liderə, hər prezidentə, hər Ali Baş Komandana o boyda lütf göstərmir!
Niyə 10 noyabrda savaş dayandırıldı? Niyə Rusiya sülhməramlılarına “hə” deyildi? Niyə 2021 və 2022-ci il toqquşmaları ilə sərhəddə bütün yüksəkliklər nəzarətə götürüldü?
2021-ci il Şuşa Bəyannaməsi – Azərbaycanın tam halda Türkiyənin qoruması altına alınması, iki qardaş ordunun birləşdirilməsi, Azərbaycanda Türkiyə ordu modelinin tətbiqinin tam başa çatdırılması və sonra 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatı, yaxud 23 saatlıq Üçüncü Qarabağ savaşı…
Qərbin mümkün təzyiqlərini neytrallaşdırmaq üçün rus sülhməramlıları yurda buraxıb, sonra Qərbdə Paşinyana “Qarabağ Azərbaycandır” dedirtdirib, Kremli fakt qarşısında qoyub, Putini etirafa məcbur edib, rus əsgərləri sakitcə, səs-küysüz, böyük təmtəraq və musiqili mərasimlə yola salmağı kim bacarardı?
Kim Xankəndini geri qaytarmağı ağlının ucundan keçirirdi? 1994-cü ildə Heydər Əliyevi Qarabağın verilməsinə məcbur etmək üçün ABŞ səfirliyinə satılan və aksiyadan imtina edən partiya liderlərimi? Qərbin şlaqbaumu ilə qalxıb-oturanlarmı?
Tarixi şansdan milli maraqlar üçün maksimum istifadə etmək, tarixi şansın yetişəcəyinə günə bu qədər böyük inamla hazırlaşmaq, hər gün mücadilə aparmaq və bu tarixi şansın yetişməsində müstəsna rol oynamaq, dünyanın hansı istiqamətində “fırlandığını” illər öncədən görmək, duymaq, siyasəti ona görə incələmək… – hər liderin işi deyil!
“Bu, mənimlə bağlı deyil. Fərq etməz, lider və prezident kimdir, bu, ləyaqət məsələsi idi” – sözləri İlham Əliyevin müstəsna təvazökarlığıdır, inanılmayacaq qədər sadəliyi, həddən artıq miqyaslı olmasının sübutudur; həm də xalqa inamıdır, onun liderlər yetişdirmək qabiliyyətinə olan güvəncidir!
Ancaq bir həqiqət də var: Birmənalı olaraq bütün bunlar İlham Əliyevin adı, miqyaslı fəaliyyəti, gücü, böyüklüyü və siyasi-diplomatik-hərbi fitrəti ilə bağlıdır!
Yeri gəlmişkən: Elə dünən erməni ekspert dedi ki, ordusunu illərlə savaşa hazırlayan İlham Əliyev 27 sentyabrda Ali Baş Komandan kimi müharibəyə girdi və bütün məsuliyyəti üzərinə götürdü, Paşinyan isə elə bilirdi ki, savaşı Müdafiə Nazirliyi aparmalıdır.
Müharibənin bütün məsuliyyətini üzərinə götürüb, sona qədər hər şeyi hesablayıb, siyasi-hərbi-iqtisadi yükünə qatlaşıb, 44 günə hər şeyi bitirməyin nə demək olduğunu, müqayisə uğursuz olsa da, Ukrayna və eni cəmi 20, uzunu 40 km olan Qəzzaya baxaraq, təxmin edə bilərsiniz!
Bu, sübut olunmuş həqiqətdir: türklər yalnız güclü liderləri tarix səhnəsinə çıxanda böyük olublar!
Türklər bu liderin gəlişini bəzən onillərlə, bəzən yüzillərlə gözləyiblər!
Bizim illərlə gözlədiyimiz Lider gəldi və 270 ildən sonra ilk dəfə Azərbaycan işğal olunmuş torpağının bir hissəsini geri qaytara bildi!
270 il sonra – Nadir Şahdan üzü bəri bu, bir ilk idi!
Bəlkə 50 ildən sonra Azərbaycanın tarixi ərazilərini qaytaracaq zaman yetişəcək və onda xalqımızın yeni Lideri olacaq!
Ancaq İkinci və Üçüncü Qarabağ savaşını aparan, qazanan və Azərbaycanın beynəlxalq səviyyədə torpaqlarını tam bərpa edən, Azərbaycanın qəlbinə 100 ildir saplanan xəncəri çıxarıb, bu qarayaranı tamamilə kəsib atan, Qarabağ boyda dərdi tam həll edən, indi də oranı quran-yaradan İlham Əliyevdir!
İlham Əliyevsiz mümkün deyildi; bunu bacaracaq bu ölkədə ikinci şəxs yoxdur!
İlham Əliyevin dediyi bir söz də vardı Şuşa Forumunda – bunu bu il ikinci dəfədir təkrar edirdi: “Qələbəni daim istismar etməməliyik!”
Komandaya çağırışdır, xalqa səslənişdir, Vətənə müraciətdir: Daha böyük qələbəyə çalışan, buna miqyası, gücü, ərdəmi, zəkası olan Liderin qətiyyətidir!
Biz 2011-ci ildə İlham Əliyevin hansı işlər gördüyünü təxmin edə bilmədiyimiz kimi, bu sözlərin hansı illərə və hansı hədəflərə istiqamətləndiyini də bilmirik. Bir onu bilirik ki, İlham Əliyev Bilir – nəyi nə vaxt necə edəcəyini mükəmməlcəsinə bilir!
Adım kimi əminəm: insan onun taleyində müstəsna rol oynayan Əzizinin qədrini bilməyəndə, bir də xalq onun taleyində müstəsna rol oynayan Liderinin qiymətini anlamayanda Tanrı verdiyini alır!
Tanrı bir də heç zaman Şuşanı, Xankəndini, Laçını, Ağdamı… bizdən almasın!
Tanrı İlham Əliyevi qorusun, ona bu Vətən üçün yeni hədəfində yar olsun!