Bu gün Əliyevin daha böyük ambisiyaları var və buna görə də Avropa platformalarını rədd edir. Əliyevin istədiyi isə çox aydındır, o, Azərbaycanın dövlət siyasətini həyata keçirir.
AzerTimes xəbər verir ki, bu sözləri erməni politoloq Suren Zolyan Azərbaycan Prezidenti İlham Əliyevin 1969-cu ilə qədər Azərbaycan torpaqlarının ermənilərə verilməsi, Zəngəzur dəhlizinin açılmayacağı təqdirdə Ermənistanla heç bir kommunikasiyanın olmayacağını, delimitasiya və demarkasiya üçün 1974-78-ci il xəritələrindən istifadəni rədd etməsi ilə bağlı 10 yanvar 2024-cü il yerli kanallara müsahibəsini şərh edərkən deyib.
O bildirib ki, Heydər Əliyev 1998-ci ildə Mart soyqırımı ilə bağlı 5 səhifəlik fərman imzalayıb:
“Həmin sənəddə Qərbi Azərbaycanla bağlı açıq şəkildə göstərilir ki, ermənilər 200 ildir dövləti olmadan soyqırım həyata keçirir, ruslardan istifadə edib, Azərbaycan torpaqlarında öz dövlətlərini qururlar. İlham Əliyev atasının bu fərmanına istinad edir, Qərbi Azərbaycan ideyasını həyata keçirir, Zəngəzur məsələsini, İrəvan xanlığının varisi olduqlarını gündəmə gətirir”.
Zolyanın sözlərinə görə, İran yeganə dövlətdir ki, hazırda Azərbaycanın dövlət siyasətinin həyata keçirilməsində ciddi maneədir:
“Və müəyyən dərəcədə Rusiya da bu fikrin əleyhinədir, lakin bu, hazırda yalnız ekspertlər səviyyəsində nümayiş etdirilir. O ərazilərin hamısının İran torpaqları olduğu, Rusiyanın işğal etdiyi və nə İran, nə də Rusiyanın həmin ərazilərin Türkiyəyə keçməsini istəmədiyi… – təxminən belə bir konsensus var. Yəni bizim deyil, özlərinin maraqlarını güdürlər. Türkiyə istər-istəməz o reallığı nəzərə almalıdır, indi baxın, yeni “3+3” formatı formalaşır, əslində isə üç dövlət var, çünki Azərbaycan və Türkiyə bir vahiddir, Gürcüstan iştirak etmir: yəni təqribən Suriya məsələsində formalaşan İran-Türkiyə-Rusiya formatıdır. Bu məqamda Azərbaycanın planına əngəl törədən əsas ölkə İrandır, müəyyən dərəcədə isə Rusiya. Rusiya ilə çoxlu fikir ayrılığı olan Türkiyə Azərbaycanla razılaşır, amma bu, Əliyevin Qərbi Azərbaycanı “azad etmək” ideyasının tam həyata keçirilməsi deyil, sadəcə olaraq, üç dövlət arasında bölünmə ola bilər”.
“Yəni demək istəyirsiniz ki, Ermənistan Türkiyə, İran və Rusiya arasında bölünməlidir” sualına isə Zolyan belə cavab verib:
“Gəlin Suriyaya baxaq, orada heç kim deməyib ki, bu ərazilər Türkiyəyə və ya İrana keçib – amma İran, Rusiya və ABŞ-ın nəzarətində olan çoxlu ərazilər var. Halbuki Suriya rəsmi olaraq beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mövcuddur. Düşünürəm ki, Ermənistanın timsalında Azərbaycanın “Suriya ssenarisi” daha çox ehtimal olunur. Yeri gəlmişkən, Azərbaycan dedikdə Azərbaycan və Türkiyəni bir olaraq nəzərdə tuturam”.
O vurğulayıb ki, Əliyev bir dəfə də olsun Ermənistanın 29 min 800 kvadrat kilometr ərazisini tanıdığını bəyan etməyib:
“Bu da Əliyevin böyük ambisiyalarını sübut edir”.