Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun ad günüdür.
AzerTimes xəbər verir ki, Vilayət Süleyman oğlu Eyvazov 28 iyun 1968-ci ildə, Naxçıvanın Culfa rayonunun Əbrəqunis kəndində anadan olub.
Fiziki imkanlarına görə gənc yaşlarından polis sıralarında xidmətə başlayıb. 1994-cü ildən cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət edib. 2000-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirdikdən sonra həm təhsildə, həm də fəaliyyətində xüsusi fərqləndiyi üçün Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəis müavini və rəisi vəzifələrində çalışıb (2001–2005-ci illər).
Vilayət Eyvazovun müstəsna xidmətlərindən biri də 2003-cü il iğtişaşları zamanı göstərdiyi qətiyyətdir. Məhz onun dövlətçiliyə sədaqəti, fövqəladə vəziyyətdə qərar vermək bacarığı V.Eyvazovun sonrakı karyerasında ciddi rol oynayıb.
Prezidentin sərəncamı ilə 2004-cü ildə, 36 yaşında polis general-mayoru rütbəsi alan Vilayət Eyvazov 2005-ci ildə daxili İşlər nazirinin müavini təyin olunub.
38 yaşında isə o, artıq polis general-leytenantı idi. 2016-cı ildə daxili işlər nazirinin birinci müavini, 2019-cu ildən isə daxili işlər naziridir. Həmin ildən həm də polis general-polkovniki rütbəsini daşıyır.
V.Eyvazov uzun illər insan alverinə qarşı mübarizənin önündə dayanıb və onun bu istiqamətdə fəaliyyəti əksər beynəlxalq qurumlar və QHT-lər tərəfindən təqdir edilib.
44 günlük Vətən müharibəsində daxili işlər orqanlarının fəaliyyəti, Daxili Qoşunların xidməti, xüsusi təyinatlı polis qüvvələrinin rəşadəti hər kəsə bəllidir və təsadüfü deyil ki, Qələbədən sonra təltif edilən yüksək rütbəli məmurlar arasında Vilayət Eyvazov da vardı. O, ali mükafatlardan olan “Zəfər” ordeninə layiq görülmüşdü. Bundan öncə isə V.Eyvazov “Azərbaycan Bayrağı” (2002), 2-ci dərəcəli “Vətənə xidmətə görə” (2014) və 1-ci dərəcəli “Vətənə xidmətə görə” (2018) ordenləri, həmçinin “İgidliyə görə” medalı (2008) ilə təltif olunmuşdu.
Daxili İşlər Nazirliyi əhali ilə birbaşa ünsiyyət baxımından daim ictimai diqqətdə olur, bu isə bəzi hallarda tənqidləri də labüd edir. Ancaq tənqidlərə baxmayaraq hər kəsin etiraf etdiyi bir həqiqət var: Ümummilli lider Heydər Əliyevin xüsusi səyi ilə mükəmməlcəsinə formalaşan, 90-cı illərdə ölkədə geniş yayılan kriminal ünsürlərin aradan qaldıran və qısa müddətdə siyasi-sosial sabitliyin bərpasında müstəsna rol oynayan DİN hazırda da dövlətin onurğa sütunlarından biridir. Təsadüfü deyil ki, ən həssas məqamlarda yenə bu strukturun bütün heyəti sutkalarla ayaqda qalmağı bacarır: bura ali qonaqların qarşılanması, ölkədə təşkil edilən beynəlxalq əhəmiyyətli tədbirlərdən tutmuş Eldar Mahmudovun timsalında MTN kimi bir qurumun ləğvi əməliyyatına qədər…
DİN – ictimai maraqları və müraciətləri hər zaman anında diqqətdə saxlayan qurum olaraq ilk sırada yer alır: elə bir məsələ yoxdur ki, sosial şəbəkələrdə və yaxud mediada əksini tapsın, ancaq bununla bağlı DİN araşdırma aparmasın və yaxud həqiqəti üzə çıxartmasın. Bu, Ramil Usubovun oturuşdurduğu bir müsbət ənənədir və Vilayət Eyvazovun rəhbərliyi dönəmində bu həssaslıq daha da artıb. Xüsusilə narkotikə qarşı son aylar aparılan mübarizə, xalqın genefondunun qorunması istiqamətində daxili işlər orqanlarının çevikliyi diqqət çəkir və bu da birbaşa Vilayət Eyvazovun şəxsi heyət qarşısında tələbidir.
DİN bu ölkədə çox nadir qurumlardandır ki, ən güvənilir kadrlarının da səhvi bağışlanmır. Bu strukturda çalışanlar yaxşı bilir ki, ən xırda nöqsanları bağışlanmır və dərhal strukturdan kənarlaşdırılırlar. Bu, bəzən aşırı həddə olsa da, başqa cür mümkün deyil. DİN-də “hərbi nizam” Ordumuz qədər qorunur.
Vilayət Eyvazovu təbrik edirik və ümid edirik ki, Ziya Məmmədov və Vüsal Kərimlinin başına daş salıb, zəlil etdiyi Nəqliyyatın İntellektual İdarəetməsi axır ki, DİN-ə veriləndən sonra bu xalq intellektual idearəetmənin nə olduğunu əyani görəcək.