Əliyevin Nikola şok xəbərdarlığı: Buna görə 2 savaş olub!

Əliyevin Nikola şok xəbərdarlığı: Buna görə 2 savaş olub!

İlham Əliyev zarafat etmir, İlham Əliyev sözü boşuna demir; İlham Əliyev sözün məsuliyyətini daşıyan adamdır, “Bizim sözümüz – bizim imzamızdır” ifadəsi də ona məxsusdur.

Zatən tarixən belə olub: türk söz verdisə, sözündən dönməyəcəyinə tarix şahidlik edir.

Amma Azərbaycan diplomatik danışıqlarda hər zaman Ermənistandan sözünə, imzasına xəyanət görüb.

Ən yaxın tariximizdə Ermənistan hakimiyyətində danışıqlarda verdiyi sözdən və hətta imzasından qaçmaq hallarını dəfələrlə görmüşük və bu artıq erməni siyasətində ənənəyə çevrilib.

Xatırlayırsınızsa, Köçəryan tarixə “tualet diplomatiyası” ilə düşən məşhur qaçışı həyata keçirmişdi: söz vermiş, müzakirə aparmışdı, hər şey razılaşdırılandan sonra imzalama anında “qarnı ağrımışdı” və tualetə gedib, bir daha müzakirə olunan zala geri qayıtmamışdı, gizlicə İrəvana uçmuşdu.

Daha bir “parlaq” yalan, verdiyi sözdən qaçmaq nümunəsi Serj Sərkisyana məxsusdur. Məhz Sərkisyanın spekulyasiyaları, torpaqları azad etmək üçün alverə girişməsi (5 milyard istəyi), 2014-cü il oyunları, danışıqların nəticəsindən imtina etməsi Aprel savaşına gətirib çıxardı. Aprel savaşında isə Sərkisyan 4 gün Putinə yalvarandan sonra öhdəlik götürərək müharibənin dayanmasına nail oldu.

Bəli, Sərkisyanın keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu “5+2” düsturu ilə geri qaytaracağı, daha sonra isə status məsələsini ərazi bütövlüyü daxilində müzakirə edəcəyi öhdəliyi götürdüyünü Rusiya belə dilə gətirirdi; Lavrov 2017-ci ildə İrəvanda səfərdə olarkən keçmiş Dağlıq Qarabağ ətrafındakı rayonları Ermənistanın qaytarmalı olduğunu ermənilərin üzünə, həm də bütün medianın qarşısında dedi.

Sərkisyan Putinə verdiyi sözdən qaçdı: əvvəlcə seçkiləri bəhanə etdi, sonra isə Rusiyanın təzyiqlərini neytrallaşdırmaq üçün Avropaya doğru “sürünməyə” başladı. KTMT və Aİİ üzvü olan, ərazisində rus ordusu yerləşən Ermənistan AB ilə alt səviyyəli də olsa, assosiasiya sazişini 2017-ci ildə imzaladı.

Sorosu və ABŞ biolaboratoriyalarını isə illər öncədən Ermənistana buraxmışdı.

Rusiya lideri Vladimir Putinin Sərkisyana nifrətinin bir səbəbi də budur: Sərkisyan Putini də yalançı çıxartdı, üstəlik, müharibəni dayandırmağa nail olandan sonra nəinki işğalda olan torpaqların qaytarılması üçün söz verdiyi danışıqları davam etdirdi, əksinə, Rusiyanın özünə xəyanət etməyə və Avropada havadar axtarmağa çalışdı.

Nəhayət, 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndə bütün danışıqların qaldığı yerdən davam edəcəyi tələbi ortaya qoyuldu. Sərkisyanın vədləri yerinə yetirilməli idi, əks halda Sərkisyanla hansısa formada məxfi danışıqlarla hakimiyyəti təhvil alan və Qarabağ məsələsində İrəvanı düşdüyü dalandan çıxaracağı vədini verən Paşinyan elə Sərkisyanın aqibətini yaşamalı olacaqdı.

Paşinyanla İlham Əliyevin görüşü və Ermənistanda tez-tez “lift diplomatiyası” deyə xatırlanan hadisəni yada salaq: Paşinyan söz vermiş, hakimiyyətini möhkəmlətmək üçün vaxt istəmişdi və İlham Əliyev də Ermənistanda daxili siyasi savaşdan istifadə etməyəcəyinə boyun olmuşdu.

İlham Əliyev sözünü tutdu, Ermənistanın uşaq qatili, terrorçu, xəyanətkar Sərkisyan-Köçəryan cütlüyündən fərqli olaraq, xalqın dəstəyi ilə hakimiyyətə gələn Paşinyana münasibətini dəyişdi; o səviyyədə ki, “Ermənistanı diz çökdürəcəyik” yanlış ifadəsini İlham Əliyevin adından səhvən tirajladığına görə ölkənin böyük bir agentliyi dərhal bağlandı – hətta anında məqaləni yığışdırmasına və təkzib-üzrxahlıq verməsinə baxmayaraq. Yeri gəlmişkən, məhz bu qəti tədbirdən cəmi bir il sonra İlham Əliyev “Ermənistanı diz çökdürəcəyik” ifadəsini ən yüksək kürsüdən işlədəcəkdi, həm də bir dəfə yox və diz də çökdürəcəkdi.

Paşinyan hakimiyyətdə möhkəmləndikdən sonra İlham Əliyevə Orta Asiyada verdiyi vədi unutdu, sözünü dandı; nəinki torpaqların qaytarılmasını müzakirə etməyə başladı, əksinə, “Yeni müharibə və yeni torpaqlar”, “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm şüarlar irəli sürməyə başladı.

İlk dəfə həmin zaman İlham Əliyev “Ermənistan tərəfi ilə şifahi razılaşma olmuşdu…” tipində açıqlama verdi və Paşinyanın sözündən, vədindən qaçdığını, yalançılığını rəsmən təsdiqlədi.

Bu, Ermənistan üçün çox ciddi siqnal idi: İlham Əliyev şifahi razılaşmaları pozan, sözündən qaçan, bölgə liderlərinə yalan danışan bir siyasətçinin hansı aqibətlə qarşılaşa biləcəyini bir neçə dəfə xəbərdarlıq səviyyəsində səsləndirdi.

İlham Əliyev bu cür siyasətin, diplomatik qaydalara sığmayan tərbiyəsizliyin, bağlı qapılar arxasında şifahi razılaşmalardan qaçmağın hansı fəsadlara səbəb olacağını da demişdi.

Nikol Paşinyan o ritorikanı anlayacaq səviyyədə olmadı və 2020-ci ilin 27 sentyabrı gəldi, 44 gün ərzində darmadağın olan Ermənistan diz çökdü və kapitulyasiyanı imzaladı…

Bəs, indi pərdə arxasında, şifahi danışıqlarda nə var?

Zəngəzur dəhlizinin açılması – baxmayaraq ki, 10 noyabr bəyannaməsində “dəhliz” ifadəsi işlənməyib, amma məhz dəhliz kimi razılaşdırılıb; “Status” ifadəsinin bir daha dilə alınmaması və s.

Paşinyan Zəngəzur yolunun dəhliz olması vədindən qaçır, hətta bu yolun açılmasına mane olur;

Nikol Paşinyan şifahi razılaşmaya baxmayaraq, yenə də bir ovuc – məhz bir balaca qəsəbənin əhalisi qədər olan ermənilər üçün “status” məsələsini gündəmə gətirməyə və bunu müzakirə etməyə çalışır;

Nikol Paşinyan Azərbaycan ərazisində de-yure 1991-ci, de-fakto 2020-ci ildən mövcud olmayan “Dağlıq Qarabağ”dan danışır;

Nikol Paşinyan hökuməti İlham Əliyevin pensiyaya göndərdiyi Minsk Qrupunun “yaş senzini” artırmağa çalışır və s.

İlham Əliyev xəbərdarlıq etdi, hətta hər kəs “bu münaqişənin hərbi həlli yoxdur” deyəndə, “hərbi həll var” dedi və münaqişəni hərbi yolla həll etdi; masada vədindən, liderlərlə birgə müzakirələrdə şifahi razılaşmadan qaçanların aqibətinin necə olacağını göstərdi.

İlham Əliyev yenə xəbərdarlıq edir, yenə vədindən qaçmağın, şifahi razılaşmaları pozmağın nəticəsini xatırladır.

Paşinyan üçün bu, ikinci ən ciddi xatırlatmadır, İrəvan üçün 3-cü!

İlham Əliyev zarafat etmir, sözü boşuna demir – bunu ən azı iki dəfə Ermənistana sübut edib!

Adamın sözü imzasıdır: əgər bu qeyri-diplomatik və qeyri-etik davranışların savaşa gətirib çıxaracağını deyirsə, demək, elədir!

2016 və 2020 öncəsi də Prezident Əliyev bunu deyirdi…

Teqlər: