Azərbaycan Prezidenti İlham Əliyevin Qranada görüşündən imtina etməsini təqdir edirik.
AzerTimes xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik mətbuata açıqlamasında deyib.
O bildirib ki, Fransa uzun müddətdir Ermənistanı müdafiə edir:
“Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu”.
Ö.Çelik söyləyib ki, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir:
“Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”.
AKP nümayəndəsi qeyd edib ki, beynəlxalq ictimaiyyət sülh istəsəydi, Türkiyənin görüşdə iştirakında maraqlı olardı.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı, Fransa və Almaniya liderlərinin iştirakı ilə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün keçirilməli olduğu İspaniyaya getməkdən imtina edib. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsinə qarşı olmasıdır.