Əliyevin BƏƏ səfərinin səbəbləri: 88% artım var…

Əliyevin BƏƏ səfərinin səbəbləri: 88% artım var…

Azərbaycan ilə BƏƏ arasında son illər iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. İki ölkə arasında ticarət dövriyyəsinin artması fonunda sərmayə qoyluşlarında da yüksəliş var. 2021-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi əvvəlki il ilə müqayisədə 20.3 faiz artaraq 50.4 milyon dollara çatıb. 2022-ci il ərzində isə ticarət dövriyyəsində daha ciddi artımlar müşahidə olunub. Belə ki, bu ilin ilk 10 ayında ticarət dövriyyəsi 90.4 milyon dollara çatıb. Ötən ilin noyabr ayında daha 4.2 milyon dollarlıq ticarət nəticəsində ilk 11 ayında dövriyyə 94.6 milyon dollaradək yüksəlib.

AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Prezident İlham Əliyevin BƏƏ-yə səfərə getməsi fonunda iki ölkə arasındakı iqtisadi əlaqələr haqda qeyd edib.

Ekspertin sözlərinə görə, ötən ilin ilk 11 ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 2021-ci ildəki illik dövriyyədən 87.6 faiz çoxdur. Bu isə münasibətlərin artan dinamikasını bir daha təsdiq edir:

“BƏƏ Azərbaycanda xüsusi ilə bərpa olunan enerji sahəsində aktiv ölkələrdəndir. Bu sahədə qarşılıqlı münasibətlərin daha da möhkəmlənəcəyi gözlənilir. Eyni zamanda, BƏƏ sahibkarlarının işğaldan azad olunan ərazilərimizdə sərmayə qoyluşlarında iştirakı da vacib istiqamətlərdəndir. Bütövlükdə, Körfəz ölkələrindən Qarabağ və Şərqi Zəngəzura daha çox sərmayənin cəlb edilməsi prioritetdir.

Azərbaycan ilə BƏƏ arasında fərqli sektorlar üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Bu baxımdan Prezidentin səfəri zamanı keçirilən görüşlər və razılaşmalar da məhz bu potensialın daha yaxından istifadəsinə imkan yaradacaq. Bu baxımdan, Azərbaycan Prezidentinin son səfəri iki ölkə arasındakı iqtisadi əlaqələrin daha da dərinləşməsinə xidmət edəcək”.

Teqlər: