Əməkdar jurnalist, Globalinfo.az saytının təsisçisi, siyasət yazarı Azər Ayxanın AzerTimes-a müsahibəsi:
– Azər bəy, seçkilərə artıq sayılı günlər deyil, sayılı saatlar qaldı. 7 fevral prezident seçkilərini necə dəyərləndirirsiniz?
– 7 fevral seçkisinin ölkəmizin həyatında böyük siyasi və tarixi mənada bir ilk olduğunu hər kəs bilir: ilk dəfədir ki, bütün ölkə ərazisində, müstəqil dövlətimizin hər guşəsində səsvermə baş tutacaq, bunun üçün artıq bütün hazırlıqlar tamamlanıb. Bu, eyni zamanda müstəqil və unitar Azərbaycanda keçirilən ilk seçkidir – əlbəttə, Dağlıq Qarabağ de-yure ləğv edilmişdi, ancaq de-fakto da ləğv edildi. Yəni de-yure və de-fakto ölkəmizin unitarlığı təmin ediləndən sonra ilk seçkimizdir.
Mən bu seçkiləri Azərbaycanı növbəti mərhələyə daşıyan bir mexanizm kimi görürəm. Müstəqilliyimizin ilk günündən bizi izləyən və həddən artıq itkilər, siyasi və hərbi mübarizələrlə yadda qalan və nəhayətində qələbə ilə başa çatan dövrü uğurla, arzuladığımızdan da artıq səviyyədə başa vurduq. Bu seçki həmin dövrü qapayan möhür kimi tariximizə düşəcək. Bu isə təbii olaraq o deməkdir ki, Azərbaycan 8 fevral 2024-cü ildə yeni dövrə qədəm qoyacaq…
– Deyəsən, məhz bu yeni dövr anonsu da Azərbaycana təzyiqləri artırıb…
– Bu anons olsa da, olmasa da, Azərbaycana təzyiqlər 2020-ci ilin sonundan başlamışdı. Yaxın 3 ilin tarixi hər kəsin gözü önündə keçib: xalqımız çox yaxşı bilir ki, bu münaqişəni tam və həlledici qələbə ilə yekunlaşdırmaq üçün Azərbaycan siyasi elitası, əlbəttə ki, birbaşa Prezident İlham Əliyev hansı siyasi zəka nümayiş etdirib və necə labirintlərdən ölkəsini uğurla çıxarıb…
– Konkret olaraq seçki ərəfəsində başlayan təzyiqləri nəzərdə tuturdum…
– Elə məsələ də bundadır. 7 fevral seçkisi İlham Əliyevə növbəti dövr və növbəti milli hədəflərimiz üçün kart-blanş verəcək və bunu Cənubi Qafqazda marağı olan bütün güclər bilirlər. Məhz bu seçkidən sonra Qarabağı tam unutduracaq yeni iddiaların başlayacağını da hər kəs anlayır. Ona görə də İlham Əliyevin 2025-ci ilin aprelini gözləmədən, dərhal yeni dövrə hazırlaşması və çevik reaksiyası bir çox güc mərkəzlərini narahat etdi. Bu səbəbdən də “demokratiya”, “insan haqları”, “azad seçki” kimi uzun illərdir istifadə etdikləri “təzyiq alətlərini” işə salmağa çalışırlar. Ancaq hətta bu bəhanələr də indiki seçkidə keçməyəcək. ABŞ təşkilatının Azərbaycanda keçirdiyi son sorğu da təsdiqlədi ki, İlham Əliyevin reytinqi 97%-dir. Səmimi deyirəm ki, mən bu faizə şübhə edirəm və əminliklə bunun daha yüksək olduğunu deyərəm. Hər birimiz cəmiyyətin içində yaşayırıq və hər şeyi görürük: əgər bir prezidentliyə namizədə qonaq getdiyi evdə, yəni çörək kəsdiyi yerdə belə ona deyil, İlham Əliyevə səs verəcəklərini açıq şəkildə deyirlərsə, demək, İlham Əliyevə sevgi-dəstəyin miqyasını təsəvvür etmək çətin olmamalıdır. Yəni insanlar qonaqlarının, qohumlarının xətrinə dəyməkdən çəkinmədən kimə səs verəcəyini elan etməkdən qürur duyur. Bu mənzərəni heç yerdə müşahidə etmək olmaz və səbəbləri isə hər kəsə aydındır. Xalq onu ardıcıl qələbələrə aparan Komandanının arxasında olmaqdan şərəf duyur və bu, olduqca doğal bir hissdir.
– Azər bəy, “yeni mərhələ” deyə xarakterizə etdiyini dövrü necə təsəvvür edirsiniz? Nə və yaxud nələr dəyişəcək?
– Yeni dövrün başladığı şübhəsizdir, ancaq bu dövrdə nəyin necə olacağına İlham Əliyev qərar verəcək. Prezidentin öz siyasi tərzi ilə desək, nəyi necə və nə vaxt edəcəyini o, gözəl bilir. Biz indi vaxtını bilirik – 7 fevral, çünki elan edilib. Həmçinin ümumi təxminlərimiz var və müəyyən informasiyaları təhlil də edirik. Yəqin ki, bir neçə həftədən sonra ciddi dəyişikləri müşahidə edəcəyik.
– Dəyişikliyi hansı istiqamətdə təxmin edirsiniz: siyasi, yoxsa struktur və kadr islahatları?
– İctimai-siyasi şəxs olaraq dediyim hər sözə görə məsuliyyət daşıyıram. Ona görə də bu məsələlərdə konkretlikdən ehtiyat edirəm. Unutmayın ki, İlham Əliyev sürprizləri də sevir.
Sadəcə, bir məsələni vurğulamaq istəyirəm ki, bu seçkilər regionun siyasi-iqtisadi mənzərəsini dəyişəcək, qısa müddətdən sonra siyasi təzyiqlər arxada qalacaq və İlham Əliyev regionun şəkillənməsində müraciət ünvanı olacaq.
– Bəs, daxili siyasətdə?
– Daxildə də olduqca ciddi siyasi-iqtisadi addımlar gözlənilir və ən qısa müddətdə, ola bilsin ki, martın əvvəlində bu, elan ediləcək. İnanıram ki, heyrətlənəcəksiniz.