Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

Əliyevi əcnəbi jurnalistlərə sevdirən səbəb…

Şuşadayam və çox xoşbəxtəm! Milli Mətbuat günündə bu, məncə, özünü jurnalist, media mənsubu sayan hər kəs üçün ikiqat sevincdi, fərəhdi, xoşbəxtlikdi.

Jurnalist olmaq, bu sənətin cazibəsindən qopa bilməmək ağır və məşəqqətli işdir. Bu işin günü, iş saatı, məzuniyyəti, istirahəti yoxdur, hətta gecəsi, gündüzü də yoxdur. Telefonun əlindədirsə, internetin varsa, hər an jurnalistsən, hər yerdə media mənsubusan. Ömrünü, sevgisini bu sənətə vermək məşəqqətlə sözün əsl mənasında əhd-peyman bağlamaq fədakarlıqdır.

Xülasə, bizimki iş deyil, Eşqdir. Bu eşqə mübtəla olan hər kəsi təbrik edirəm, hər birinizi Şuşadan salamlayıram, əziz dostlar!

Şuşa möhtəşəmdir, hər gün bir az gözəlləşir, yaraları hər gün bir az da sağalır. Şuşa kərpic-kərpic hörülür, tikilir, təzələnir, şəhər olur, möhtəşəm Şəhri-Şuşaya çevrilir. Hər dəfə gələndə bir yeniliyin, dəyişikliyin şahidi olursan.

Sonuncu dəfə may ayında gəlmişdim; Xarıbülbül musiqi festivalına. Onda tikintisi gedən “Şuşa” oteli dünəndən ilk tədbirə – “Qlobal Media Forumu”na ev sahibliyi edir. Və növbəti binaların təməlinin qoyulmasını görürsən… heyrətlənirsən…

Bu qədər işi bu sürətlə, ehtişamla həyata keçirmək də sadəcə, iş deyil, ola bilməz. Sevgidir bu! Şuşa sevgisi gördürür bu işləri. Prezident İlham Əliyev maksimum sürətlə quruculuq, abadlaşma prosesini başa çatdırmaq istəyir. O qədər qürurvericidir ki! Qürur duyursan, fəxr edirsən, fərəhlənirsən bu entuziazma, bu qətiyyətə, bu alicənablığa. Onun da şahidi olursan ki, Prezident hər dəfə necə həvəslə gəlir Şuşaya, ayrılmaq, qopmaq istəmir, qarış-qarış gəzir. Mənə elə gəlir, bu həm də mesajdır.

Şuşadan dünyaya verilən mesajların təsir gücü daha çoxdur, təbii. Prezident hər addımıyla bəyan edir ki, bu torpaqların əsl sahibi bizik. Onun Xocalıya – Çanaqçı və Sığnaq kəndlərinə səfəri də bu yöndən dəyərləndirilməlidir.

Zaman ermənilərin əleyhinə işləyir. Tanrı Azərbaycanın tərəfindədir. Separatçı-terrorçu dəstələrin son çırpınışları fayda verməyəcək. Xankəndidə, Qarabağda yaşamaq istəyən erməni Azərbaycan dövlətinin qanunlarına tabe olmalıdır. Məsələ bu qədər sadədir.

Şuşa Forumunda bir diqqətçəkən məqam da xarici jurnalistlərin dövlət başçımıza olan münasibətiydi. Prezident İlham Əliyev forumdan öncə “Avronyus”un (Euronews) məşhur aparıcısı Anneli Seborgesə müsahibə verdikdən sonra təxminən 3 saatdan artıq xarici və yerli jurnalistlərin suallarını cavablandırdı. Konfrans bitdikdən sonra heç kəs zalı tərk etmək istəmirdi və addım-addım İlham Əliyevi izləyir, söhbət edir, şəkil çəkdirirdi. Hətta onu avtomobilə qədər müşayiət etdilər. “Əcnəbi jurnalistlər üçün onu cazibədar edən nədir”, deyə düşündüm. Biz azərbaycanlıların səbəbləri yetərincə çoxdur, bəs xaricilər? Məncə, sadəlik və intellektuallıqla yanaşı, 30 illik işğala son qoymaq, münaqişəni tarixə gömmək və müharibəni cəmi 44 günə həll etmək hər kəs üçün ilgincdir. İndi dildə demək, statistika aparmaq, əlbəttə, asandır. Amma düşünəndə ki, 30 il minalanmış, keçilməz istehkamlar qurulmuş torpaqları cəmi 44 günə geri almışıq…

Ağlasığmazdır! Bu necə oldu, necə baş verdi? Həqiqətən bu suala cavab tapmaq çətindir. Cəmi 3 il öncə bu torpaqlar işğal altındaydı və Şuşa xəyal idi, yuxu, nağıl idi. Amma iki ildir ki, 22 iyulu – Mətbuat Gününü məhz Şuşada keçiririk. Möcüzəvi deyilmi? Bir az öncə Cıdır düzündəydik və qəhrəman əsgərlərimizin dırmanaraq qalxdığı sıldırım qayaları bir daha heyrətlə seyr etdik. Bu keçilməz yollardan necə keçildi?! Təkcə bizimçünmü təəccüblüdür? Məncə, yox. Bu ölkədən olmayan hər kəs anlayır ki, sadəcə, yaxşı bir siyasətçi olmaqla, düzgün xarici siyasət yürütməklə bu qələbəni təmin etmək mümkün ola bilməzdi. Bizim kainata ötürdüyümüz enerjilər, dualar, xəyallar, nağıllar gerçəyə çevrilib geriyə – üstümüzə qayıtmalıydı və qayıtdı. Bu xəyalları həqiqətə çevirən isə məhz İlham Əliyevdir və buna görə bütün şükranlıqlarımız məhz ona yönəlikdir. Qələbə üçün, Şuşa üçün, Qarabağ üçün, hər şey üçün…

Bu torpaqlarda hər gün bayramdır.

Bayramımız mübarək!

Teqlər: