Prezident İlham Əliyevə gələn təbrik məktubları, zənglər astanasında olduğumuz yeni dünya düzənində hər kəsin tərəfini göstərir.
Bu sözləri AzerTimes-a 7 fevralda keçirilən prezident seçkilərində inamlı qələbəsi münasibətilə Prezident İlham Əliyevə gələn təbriklər haqqında danışan Qafqaz Tarixi Mərkəzinin direktoru Rizvan Hüseynov deyib.
Siyasi şərhçi yeni mərhələnin başlanğıcında bütün ölkələrin müxtəlif ittifaq və qütblərdə birləşmə səbəblərini açıqlayıb:
“Biz görürük ki, Azərbaycan, onun müttəfiqləri, tərəfdaşları və maraqlı tərəflər ölkəmizin başçısını dərhal təbrik etdilər və bu, daimi şəkildə qarşılıqlı olur. Bu ölkələr sözsüz ki, qardaş Türkiyə, Mərkəzi Asiyadakı müttəfiqlərimiz, qonşu İran, Rusiya, Gürcüstan, tranzit, enerji, nəqliyyat və s. əlaqələrimizin olduğu şərqi və cənub-şərqi Avropa ölkələri, Çin, eyni zamanda Qoşulmama Hərəkatının bir sıra üzvləridir. Hazırda təbriklərin sayı artmaqda davam edir. ATƏT sədrinin təbrik məktubu göndərməsi, AB Şurası Prezidenti Şarl Mişelin zəngi də diqqətçəkən məqamdır. Bu işartılar formalaşmaqda olan qrupları, ittifaqları göstərir. Qərb tərəfindən qurulan mövcud beynəlxalq sistemdə bir çox dövlət özünü zəif və məğlub tərəf hesab edirdi. İndi isə qarşıdan yeni dövr gəlir. Qeyd etdiyimiz ölkələr isə yeni sistemdə ayaqda qalmaq, güclənmək və özlərinə layiq yer tutmaq üçün fərqli tərəflərdə birləşir”.