Bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm bizə lazımdır, həm daha çox Ermənistana lazımdır.
AzerTimes xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı səsləndirib.
“Bu sülh anlaşması beynəlxalq hüququn norma və prinsipləri əsasında imzalanmalıdır. Bu sülh anlaşmasında postmüharibə reallıqları nəzərə alınmalıdır. Bu, təbiidir. Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Biz öz torpağımızda müharibə aparmışıq, bu gün öz torpağımızda yaşayırıq və yaşayacağıq”, – deyə dövlətimizin başçısı vurğulayıb.