Əliyevdən əsassız ittihamlara tutarlı cavab…

Əliyevdən əsassız ittihamlara tutarlı cavab…

Avqustun 16-da BMT Təhlükəsizlik Şurası ermənilərin yaşadığı Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın-Xankəndi yolunun guya “bağlanmasından” sonra yaranmış “humanitar böhranı”n müzakirəsi üçün təcili iclas keçirib.

AzerTimes xəbər verir ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev iclasda çıxış edərək Ermənistanın davamlı dezinformasiyasından, beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyadan danışıb, Azərbaycan dövlətinin bu məsələ ilə bağlı mövqeyi barədə məlumat verib.

Çıxışına Ermənistanın ölkəmə qarşı təbliğ etdiyi “blokada” və ya “humanitar böhran” ilə bağlı bütün əsassız və sübutu olmayan iddiaları qətiyyətlə rədd edərək başlayan Y.Əliyev bildirib ki, Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı əslində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır.

Məhz Ermənistan 30 ilə yaxın dövrdə işğalçı qüvvələrin Azərbaycan ərazisindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını birmənalı şəkildə tələb edən 1993-cü ilin müvafiq dörd qətnaməsinə və Təhlükəsizlik Şurasının sədrinin bir sıra bəyanatlarına açıq-aşkar məhəl qoymayıb. Bu xüsusda, Ermənistanın hərəkətləri əvvəlcədən planlaşdırılmış siyasi riyakarlığın təcəssümündən başqa bir şey deyil və onun Təhlükəsizlik Şurasına müraciəti aylar ərzində beynəlxalq ictimaiyyəti manipulyasiya etmək və çaşdırmaq üçün apardığı kampaniyanın tərkib hissəsidir.

Əgər Ermənistan yardım etmək istəyində səmimi olsaydı, bu, dərhal baş verərdi. Bu, həqiqətən də bu yaxınlarda – bir neçə gün əvvəl beynəlxalq aktorların, o cümlədən Təhlükəsizlik Şurasının bəzi üzvlərinin fəal iştirakı nəticəsində praktiki olaraq mümkün idi. Bu, təkcə Ermənistanın imtinası nəticəsində baş tutmadı.

Qeyd edilib ki, bir sıra intensiv məsləhətləşmələr və “məkik diplomatiyası” səylərindən sonra, nəhayət, humanitar yüklərin müxtəlif marşrutlar vasitəsilə Qarabağ bölgəsinə çatdırılması, eləcə də mərkəzi hakimiyyətin xüsusi nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün təşkilinə dair razılıq əldə olunmuşdu.

Birinci halda Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) tərəfindən humanitar yüklərin yerli sakinlərə çatdırılması üçün Ağdam-Xankəndi yolunda erməni tərəfinin quraşdırdığı beton bloklar və bütün digər fiziki maneələr aradan qaldırılmalı idi. Bunun ardınca 24 saat ərzində BQXK-nın Laçın yolundan istifadəsinin genişləndirilməsi nəzərdə tutulurdu. İştirak edən bütün tərəflər, o cümlədən Rusiya sülhməramlı kontingenti və BQXK bu razılığın praktiki olaraq bir saat ərzində həyata keçirilməsinə başlamağa hazır idi.

İkinci halda mərkəzi hakimiyyət nümayəndələri ilə yerli erməni sakinləri arasında görüşün Azərbaycanın yaxınlıqdakı Yevlax şəhərində keçirilməsi razılaşdırılmışdı.

Təəssüflər olsun ki, on gün əvvəl – avqustun 5-də Ermənistan qanunsuz qurulan rejimi vasitəsilə siyasi motivli və qeyri-qanuni ilkin şərtlər və müxtəlif bəhanələr irəli sürməklə hər iki razılaşmadan son anda geri çəkildi.

Şübhə yoxdur ki, vəziyyətdən çıxış yollarını tapmaq üçün Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə sıx əməkdaşlıq etməsinə baxmayaraq, Ermənistan diplomatik səylərə qəsdən maneçilik törədir.

Bunun yalnız bir izahı var. Ermənistan məsələni həll etmək niyyətində deyil. Bunun əvəzində beynəlxalq səviyyədə manipulyasiya və çaşqınlıq səylərini davam etdirmək məqsədilə regionda gərginliyi süni şəkildə alovlandırır.

Avqustun 5-də BQXK vasitəsilə humanitar yüklərin çatdırılmasına dair razılaşmanın pozulması yeganə maneə deyil. Əslində bu, Ermənistanın Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə meydan oxumaqla və yerli etnik erməni sakinlərinin reinteqrasiyasına mane olmaqla bu humanitar təşkilatın ərazidə mövcudluğunu və fəaliyyətini siyasiləşdirməsinin, eləcə də humanitar məsələlərdən siyasi məqsədlər üçün istifadə etmək cəhdinin davamıdır.

Yaşar Əliyev çıxışında bəzi faktları iclas iştirakçılarının diqqətinə çatdıraraq deyib:

“- 2020-ci ildə müharibə başa çatdıqdan dərhal sonra Azərbaycan yüklərin Qarabağ bölgəsinə çatdırılması üçün öz logistik imkanlarını və infrastrukturunu BQXK-ya təklif edib. 2021-ci ildə yüklər BQXK tərəfindən həmin əraziyə çatdırılmaq üçün Bərdəyə daşınıb. Erməni tərəfi yüklərdən imtina edərək BQXK-nın humanitar yardımın çatdırmasına mane olub.

– Laçın-Xankəndi yolunda ekofəalların etirazları başlayandan dərhal sonra Azərbaycan BQXK-dan yerli sakinlər üçün lazım olan malların siyahısını təqdim etməyi xahiş edib və onların çatdırılması üçün bütün maddi-texniki və infrastruktur dəstəyi göstərməyə hazır olduğunu bildirib. BQXK cavab verib ki, Ermənistan tərəfi Azərbaycan üzərindən hər hansı təchizat istəmir.

– Ermənistan BQXK-nın vasitəçiliyindən sui-istifadə etməklə Qarabağ bölgəsinə mikroçiplər kimi ikili təyinatlı texnologiyaları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərməklə, presendentsiz addım atıb. BQXK Komitənin humanitar mandatına və nüfuzuna ciddi zərbə vuran bu faktı etiraf etməyə məcbur olub.

– Ermənistan BQXK-nin Bakıda yerləşən beynəlxalq tibb işçilərinin Xankəndiyə göndərilməsini qəbul etməyib. Bu təklif BQXK-nin tibbi evakuasiyalarını asanlaşdırmaq və tibbi məsələlərin yerində həllinə kömək etmək çərçivəsində irəli sürülüb və Azərbaycan tərəfindən dəstəklənib.

Ermənistanın BQXK-dan siyasi məqsədləri üçün sui-istifadə etməsi də açıq şəkildə göstərir ki, beynəlxalq mövcudluğun, o cümlədən BMT-yə bağlı təşkilatların artırılmasına dair çağırışların humanitar narahatlıqlarla heç bir əlaqəsi yoxdur, bunun əvəzinə məqsəd manipulyasiya etmək üçün daha çox alət əldə etməkdir”.

Qarabağ bölgəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olduğunu və orada yaşayan etnik ermənilərin Azərbaycanın sakinləri hesab edildiyini vurğulayan daimi nümayəndə bildirib ki, Azərbaycan hökuməti bu sakinlərin zəruri mallara çıxışını təmin etmək, onlar üçün müvafiq yaşayış şəraiti yaratmaq əzmindədir. Bu məqsədlər beynəlxalq hüquqa və beynəlxalq humanitar hüququn prinsiplərinə tam uyğundur ki, bu da Azərbaycanın sözügedən standartlara riayət etməkdə sarsılmaz sadiqliyini nümayiş etdirir.

“Laçın dəhlizi” adlanan yol Azərbaycanın suveren ərazisi daxilində, heç bir ekstraterritorial statusu olmayan, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən, ilk növbədə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin daşınması üçün nəzərdə tutulmuş yoldur. Azərbaycan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu yolda hərəkətə icazə verib. Azərbaycan Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etdikdən sonra da bu olduğu kimi qalır.

Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə təməl hüququ çərçivəsində, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minə yaxın hərbçinin rotasiyası, silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni hərbi və digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.

Beynəlxalq Ədalət Məhkəməsinin 2023-cü il 6 iyul tarixli yekdil qərarı Ermənistanın nəzarət-buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müvəqqəti tədbir görmək tələbini rədd edərək, Ermənistanın “Laçın” keçid məntəqəsinin qanunsuz olması ilə bağlı iddialarını qəti şəkildə təkzib edib.

Y.Əliyev sərhəd-buraxılış məntəqəsinin yaradılmasının mülki əhalinin Laçın yolu ilə gediş-gəlişinə mane olmadığını, 2023-cü il iyunun 15-dək bu cür hərəkətlərin sayının faktiki olaraq nəzərəçarpacaq dərəcədə artdığını diqqətə çatdıraraq deyib: “Həmin tarixdə Ermənistanın davam edən təxribatının növbəti nümunəsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədçiləri və onları müşayiət edən Rusiya sülhməramlı qüvvələrinə hücumu zamanı baş verib. Bu hücum Azərbaycan sərhədçisinin ağır yaralanması ilə nəticələnib və eyni zamanda, BQXK-nın əməkdaşları və məntəqədən keçən mülki şəxslər üçün birbaşa təhlükə yaradıb.

Bununla yanaşı, Ermənistan həqiqətən də bölgənin sadə sakinlərini düşünsəydi, heç vaxt Ağdam-Xankəndi yolundan Qarabağ bölgəsinə yüklərin çatdırılmasına etiraz etməzdi. Bu yol Azərbaycanın əsas nəqliyyat marşrutlarından birinə – “İpək Yolu” və ya M2 avtomobil yolu kimi tanınan və beynəlxalq bazarlara etibarlı əlaqəni təmin edən magistral yolu ilə bağlıdır. Uzunluğu 59 kilometr olan, dağlıq və serpantinli ərazidən keçən Laçın-Xankəndi yolu ilə müqayisədə bu yol Ağdamla Xankəndi arasında cəmi 18 kilometrdir. Bu gün Ağdama səfərləri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələri də yolun işləkliyinə və yüklərin daşınması üçün hazırlığına şahid olmaq imkanı əldə ediblər”.

Soyqırımı ilə bağlı iddiaların da eyni dərəcədə əsassız və yalan olduğunu qeyd edən daimi nümayəndə bildirib ki, Errmənistanın Azərbaycana qarşı manipulyasiya və aldadıcı kampaniyası özünü müstəqil ekspert kimi təqdim edən Luis Moreno Okamponun qondarma “rəyi”ndə də nümayiş olunur.

Onun iddialarının qüsurlu olduğunu bu yaxınlarda müstəqil, tanınmış beynəlxalq hüquq eksperti cənab Rodni Dikson ilkin hesabatında qeyd edib. Cənab Diksonun gəldiyi nəticədə də göstərildiyi kimi, Moreno Okamponun təqdim etdiyi iddialar əsassızdır, natamamdır və qeyri-dəqiqlik nümayiş etdirir. Belə ki, hazırda Azərbaycanın Qarabağ bölgəsində soyqırımı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Konkret olaraq, cənab Dikson hesab edir ki, Okamponun rəyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir, xüsusən də Ermənistanın Azərbaycanın etnik erməni sakinlərini təmin etmək üçün alternativ yollar təkliflərini rədd etməsini bildirməməsi rəyin selektiv xarakterini bir daha sübut edir.

Humanitar bəhanələrlə edilən bu cür manipulyasiyalar artan qanunsuz və təxribat xarakterli hərbi fəaliyyətlərlə eyni zamanda baş verir. Ötən həftələr ərzində beynəlxalq hüququn, o cümlədən Azərbaycan, Rusiya Federasiyası və Ermənistan liderlərinin 10 noyabr tarixli üçtərəfli Bəyanatının 4-cü bəndi çərçivəsində Ermənistanın öhdəliyinin kobud pozuntusu olaraq, Azərbaycan ərazisində qeyri-qanuni qalan erməni silahlı qüvvələri hərbi-mühəndislik işlərini və digər hərbiləşmə işlərini daha da artırıb.

Azərbaycanın suveren ərazisində qeyri-qanuni yerləşdirilmiş radioelektron döyüş texnikasından istifadə xüsusi narahatlıq doğurur. Son həftələr ərzində təkcə “Azərbaycan Hava Yolları”nın deyil, xarici ölkələrin mülki təyyarələri də onların təhlükəsizliyi üçün ciddi təhlükə yaradan radioelektron müdaxilələrə məruz qalıb.

Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir.

Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir.

Son bir neçə ay ərzində beynəlxalq tərəfdaşların fəal iştirakı ilə normallaşma prosesinin intensivləşdirilməsi üzrə birgə səylər ümidverici nəticələr verib. Bu diplomatik dialoqlar davamlı sülhün və dövlətlərarası münasibətlərin qurulmasına yönəlmiş gələcək ikitərəfli sazişin bir sıra maddələri üzrə fikir ayrılıqlarının aradan qaldırılmasında və nəzərəçarpacaq irəliləyişin əldə edilməsində həlledici rol oynayıb.

“Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası siyasətini həyata keçirir və Azərbaycan Konstitusiyasında və Azərbaycanın imza atdığı bütün müvafiq beynəlxalq insan hüquqları mexanizmlərində nəzərdə tutulmuş bütün hüquq və azadlıqlara zəmanət verir. BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit olunmuş bütün qanuni vasitələrlə suverenliyimizi və ərazi bütövlüyümüzü müdafiə etmək əzmində olduğumuz kimi, qeyd edilən hər iki yola sadiqliyimiz sarsılmazdır.

Əminik ki, beynəlxalq ictimaiyyət və ilk növbədə, Təhlükəsizlik Şurası bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət edilməsi yolu ilə hər iki ölkənin legitim maraqlarına uyğun olaraq, bərabər və qarşılıqlı hörmətə əsaslanan bu yanaşmanı dəstəkləyəcək”, – deyə Y.Əliyev bildirib.

Teqlər: