Əliyev və Zelenskinin Kişinyovda birgə mesajı

Əliyev və Zelenskinin Kişinyovda birgə mesajı

1 iyunda Kişinyovda Avropa Siyasi Birliyi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ukraynanın Prezidenti Vladimir Zelenski arasında ikitərəfli görüş keçirildi. Danışıqların hansı yöndə aparılmasını və mahiyyətini nümayiş etdirən diplomatik nüans var.

Görüşün ilk saniyələrində İlham Əliyev Zelenskini görərək, ona deyir: “Sizi görməyə çox şadam”, sonra gülərək əlavə edir: “Mən bilirəm, siz çox məşğulsunuz”. Zelenski gülərək, “Yox, yox” cavabını verir.

Görüşün başlanğıcı bütün dünyaya açıq mesaj idi. Hər iki ölkə Sovet İttifaqının üzvü olub, hər iki ölkə Rusiyanın təsir dairəsində olub, həm İlham Əliyev, həm Vladimir Zelenski rus dilində mükəmməl danışa bilirlər, buna baxmayaraq, liderlər görüş zamanı ingilis dilində ünsiyyət qurdular.

Bu, açıq şəklində Rusiyaya mesaj idi. Ukraynanın Rusiyaya münasibəti aydındır, amma Azərbaycana gəlincə, Rusiya hələ də ölkəmizi təsir dairəsində saxlamağa ümid edir, məhz bu fonda İlham Əliyevin Zelenski ilə görüşü (fakt olaraq) və görüşdə ingilis dilində danışması Azərbaycanın müstəqil və beynəlxalq hüquqa uyğun siyasətinin nümayişidir.

Cənubi Qafqazda Azərbaycan Ukraynanın ən yaxın müttəfiqi və dostu sayılır. Rusiyanın Ukraynaya tammiqyaslı hücumunun ilk günlərində, Qərb ölkələri hələ hərbi və humanitar yardımın göndərilməsini müzakirə etməyə başlayanda Azərbaycan Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri oldu.

Rusiya Ukraynanın kritik enerji infrastrukturuna raket zərbələri endirməyə başlayanda dinc əhali günlərlə işıqsız, susuz qaldı, bu məsələdə də Azərbaycan Ukraynaya güc transformatorları və generatorları göndərən ilk ölkələr sırasında yer aldı.

Nə Gürcüstan, nə də Ermənistan rəhbərliyi Ukrayna ilə bu cür münasibətlərlər qurmaq cəsarətində deyil və may ayında ABŞ-ın “Voll Strit Jurnal” nəşrində işlədilən ifadəni yada salmaq yerinə düşər: “İlham Əliyev post-sovet məkanında başqa liderlərlə müqayisədə Rusiyanın təsir dairəsini daha uğurlu tərk etdi”.

Teqlər: