Əliyev və Rəisinin dövlət sərhədində söhbəti – Mətn

Əliyev və Rəisinin dövlət sərhədində söhbəti – Mətn

Xəbər verdiyimiz kimi, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikası ilə İran İslam Respublikasının dövlət sərhədində görüşüblər.

AzerTimes xəbər verir ki, səmimi şəraitdə keçən görüşdə dövlət başçıları söhbət etdilər.

Prezident Seyid İbrahim Rəisi: Salaməleyküm.

Prezident İlham Əliyev: Əleykümsalam.

Prezident Seyid İbrahim Rəisi: Sizi görməyimə məmnunam.

Prezident İlham Əliyev: Mən də çox şadam Sizi görməyimə.

Prezident Seyid İbrahim Rəisi: Bu çox gözəl yerdə bir-birimizi gördük.

Prezident İlham Əliyev: Tarixi bir görüşdür. Bu, çox gözəl tədbirdir və inşallah, xeyirli olacaq.

Prezident Seyid İbrahim Rəisi: Cənab İlham Əliyev, burada çox böyük bir iş görülüb. İnsafən deməliyik ki, bu, bölgənin əhalisi üçün faydalı bir iş olacaq. Bu bəndin suyundan həm içmək üçün, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Bu su bəndini inşa edən mühəndislər dünya səviyyəsində tanınmış mühəndislərdir. Çünki İran dünyada su bəndi tikmək sahəsində ilk dördlüyə daxil olan ölkələrdən biridir. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu su bəndi bizim aramızda çox gözəl işlərdən biridir və arzumuz budur ki, gələcəkdə bu cür işlər çox olsun. Hər halda, bu gün çox mübarək bir gündür.

Prezident İlham Əliyev: Mən Sizinlə tamamilə razıyam. Bu bəndin Sizin tərəfdən inşası çox yüksək peşəkarlıqla həyata keçirilib. Eyni zamanda, Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihədir. Qeyd etdiyiniz kimi, suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq.

Prezident Seyid İbrahim Rəisi: Mütləq. Biz Azərbaycanın uğurunu, nailiyyətini öz nailiyyətimiz bilirik. Bizim Azərbaycanla münasibətlərimiz, bağlılığımız təkcə qonşuluq bağlılığı deyil, aramızda qəlb bağlılığı, tarixi bir bağlılıq və kök bağlılığı var. Bu, tarixi bir hadisə, yəni, iki ölkə, iki xalq arasında tarixi bir hadisənin əsası olacaq və bu, tarixə də həkk ediləcək.

Prezident İlham Əliyev: Biz ta qədimdən gələn ulu əcdadlarımızın arzularını indi həyata keçiririk. Əminəm ki, bundan sonra da iki qardaş xalq bir-biri ilə sıx təmasda yaşayacaq, quracaq, belə gözəl xariqələr yaradacaq.

Prezident Seyid İbrahim Rəisi: Cənab Prezident, mən buraya – bu bəndə gəlməmişdən qabaq Kəlalə-Ağbənd yoluna baxdım. İşlər çox gözəl şəkildə həyata keçirilir. Bizim, yəni, Azərbaycan ilə İran arasındakı əməkdaşlıqların nəticələri bu su bəndi və eyni zamanda, o körpü və yoldur.

Prezident İlham Əliyev: Ağbənd istiqamətində inşa edilən körpü həm növbəti nəqliyyat bağlantısıdır, eyni zamanda, növbəti dostluq rəmzidir. Biz faktiki olaraq Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir istiqamətini də Ağbənd istiqamətindən salırıq. Mənə də bu yaxınlarda video, fotosənədlər göstərilmişdir, gördüm ki, həqiqətən qısa müddət ərzində çox böyük işlər görülüb.

Prezident Seyid İbrahim Rəisi: Mən gedib körpünün inşa olunduğu əraziyə baxış keçirdim və orada gördüm ki, körpü ilə bağlı bir çox işlər görülüb, eyni zamanda, körpünün ərazisində də torpaq sahələrinin ayrılması istiqamətində də böyük uğurlar əldə edilib. Hazırda 6 istiqamətdə işlər həyata keçirilir. Dostlarımız plan üzrə belə proqnozlaşdırırlar ki, bu layihəni 36 aya başa çatdırsınlar. Ancaq mən belə görürəm ki, işlər sürətlə davam edir, yəni, bu, tez bir zamanda yekunlaşacaq.

Prezident İlham Əliyev: Mən qarşıya vəzifə qoymuşam ki, gələn ilin sonuna qədər bitməlidir və orada da Sizinlə bərabər gözəl bir mərasim keçirərik. Ondan sonra dəmir yolu körpüsü də yəqin ki, razılaşdırılacaq.

Prezident Seyid İbrahim Rəisi: İnşallah. Yaddaqalan bir an oldu. İnşallah hər iki dövlət və xalq üçün uğurlu bir il olacaq.

Teqlər: