Oktyabrın 8-də Tiflisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
AzerTimes xəbər verir ki, əvvəlcə Gürcüstanın Baş naziri bəyanatla çıxış edib:
– Bizim çox hörmətli qonağımız, əziz dostumuz cənab İlham Əliyevi salamlayıram.
Cənab Prezident, Sizi Gürcüstanda görməyə şadam. Sizi və nümayəndə heyətinizi salamlayıram, Gürcüstana səfərə gəldiyinizə görə təşəkkür edirəm. Onu da demək istəyirəm ki, biz ənənəmizi davam etdiririk, tez-tez səfərlər edirik. Bir neçə ay bundan əvvəl mən Qəbələdə səfərdə idim. Cənab Prezident, orada mənə göstərilən çox səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm. Keçən il bu vaxt da biz Sizi Gürcüstanda qəbul edirdik. Mən çox şadam ki, səfərlərimiz tez-tez həyata keçir. Əlbəttə ki, mən bir neçə aydan sonra Azərbaycana növbəti səfərə gələcəyəm.
Biz cənab Prezidentlə çox məhsuldar görüş keçirdik, müzakirələr apardıq. Cənab Əliyev ilə biz hazırkı strateji tərəfdaşlığımızı və əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın strateji tərəfdaşıdır, dost ölkədir. Bizim ölkələrimiz arasında əsrlər boyu dostluq və qardaşlıq münasibətləri olub. Xalqlarımız arasında ənənəvi dostluq davam edir və cənab Prezident İlham Əliyev bu işə çox böyük töhfə verib. Bu dostluğun və qardaşlığın möhkəmləndirilməsində onun böyük xidmətləri var.
Biz əlbəttə ki, iqtisadi, ticari, enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığımızı müzakirə etdik. Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir və ilk beşlikdə yer alıb. Bu il bizim ticarətimiz 15 faiz artmışdır. Ötən il rekord göstəricilərimiz olmuşdur. Yüklərin daşınması baxımından da həcm əhəmiyyətli dərəcədə artmışdır.
Deyə bilərəm ki, biz istənilən istiqamətdə – enerji, nəqliyyat, logistika, dəmir yolu və bütün digər sahələrdə əməkdaşlıq edirik. Biz, eyni zamanda, Orta Dəhliz layihəsinin inkişafını və perspektivlərini müzakirə etdik. Bildiyiniz kimi, biz Azərbaycanla və Qazaxıstanla əlaqələndirilmiş şəkildə fəaliyyət göstəririk ki, həmin layihə uğurla inkişaf etsin. Dəmir yolu xətti layihəsi genişləndirilir. Magistral yollar, dəniz limanları – bunlar hamısı bizim gündəliyimizdədir.
Azərbaycan Gürcüstanla birlikdə çox böyük işlərə başlayıb. Biz də dəmir yolu xətlərimizi müasirləşdiririk və gələn ilin sonuna qədər bunu başa çatdıracağıq. Bununla da yüklərin həcmini iki dəfə artıra biləcəyik. Tezliklə biz Anakliya dəniz limanının inşasına başlayacağıq. Onun da yükaşırma qabiliyyəti 100 milyon tona bərabər olacaq. Eyni zamanda, biz Şərq-Qərb avtomagistralının inşasını da başa çatdıracağıq. Biz Azərbaycanla istənilən istiqamətdə uğurla əməkdaşlıq edirik. Biz bir neçə ay ərzində növbəti tarixi layihənin genişləndirilməsini də qeyd edəcəyik. O layihə də uğurla başa çatacaqdır. Ona görə də bizim çox aydın perspektivlərimiz var. Gələcəyə baxışımız olduqca aydındır. Əminəm ki, Azərbaycanla bizim tərəfdaşlığımız və dostluğumuz uzunömürlü olacaq.
Əlbəttə ki, biz təhlükəsizlik məsələlərini – həm regionda, həm də qlobal müstəvidə cərəyan edən hadisələri müzakirə etdik. Hazırda vəziyyət kifayət qədər gərgindir.
Mən bir daha cənab Prezidentə onu da bildirdim ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyirik. Biz Azərbaycana da təşəkkürümüzü bildiririk ki, Azərbaycan da öz növbəsində hər zaman Gürcüstanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Onu da qeyd etdik ki, bizim böyük ümidlərimiz var ki, Azərbaycan və Ermənistan sülh sazişini imzalayacaq. Bu baxımdan da bizim Cənubi Qafqazda sülh gündəliyi ilə bağlı fikirlərimiz tam üst-üstə düşür. Ümidvarıq ki, bu bölgədə sülh davamlı olacaqdır və ölkələrimizin firavanlığına xidmət edəcəkdir, həm də Azərbaycan, Ermənistan və Gürcüstan xalqları üçün.
Biz burada – Gürcüstanda hər zaman qərəzsiz mövqeyə malik olmuşuq, biz bu gün də hazırıq ki, bu məsələyə töhfə verək. Biz istəyirik ki, bu məsələdə vasitəçilik edək və istənilən dostluq formatını təqdim etməyə hazırıq. Bizim gələcəyimiz dinc, sabit olmalıdır və Cənubi Qafqazın hər üç ölkəsi regional məsələləri özləri həll etməlidir.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, cənab Prezidentin atası mərhum Prezident Heydər Əliyevin bizim dostluğumuzun inkişafında müstəsna xidmətləri və töhfəsi olub, onun təməlini o qoyubdur. Biz burada Heydər Əliyevin 100 illiyinə həsr edilmiş sərgi ilə də tanış olduq. Mən fürsətdən istifadə edərək cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu münasibətlə də təbrik edirəm.
Əziz dost, bir daha Sizi burada salamlayıram. Sizin ölkənizə sülh, inkişaf və uğurlar diləyirəm. Təşəkkür edirəm.
x x x
Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış edib:
– Hörmətli cənab Baş nazir.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, cənab Baş nazir, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm.
Tbilisi şəhərinin bu gözəl, füsunkar təbiətə malik guşəsində olmaq mənim üçün çox xoşdur və burada yaradılmış şərait də göz oxşayır. Cənab Baş nazirlə söhbət əsnasında mən qeyd etdim ki, Gürcüstanın bütün ərazisi təbiət nöqteyi-nəzərindən çox gözəldir. Ən böyük gözəllik və ən böyük sərvət isə gürcü xalqıdır.
Biz iki lider kimi ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndiririk, möhkəmləndiririk, öz səylərimizi əsirgəmirik. Cənab Baş nazir qeyd etdiyi kimi, bizim ənənəvi görüşlərimiz bu məqsədə xidmət edir ki, ölkələrimiz bir-birinə daha yaxın olsun, xalqlarımız bir-biri ilə daha da sıx dostluq etsin. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışdır, bu gün də bu, belədir. Bu, həm ölkələrimiz üçün vacibdir, eyni zamanda, bölgə üçün, o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Fürsətdən istifadə edərək, hörmətli cənab Baş nazir, Ulu Öndər Heydər Əliyevin xatirəsinə Gürcüstan hökuməti və xalqı tərəfindən göstərilən hörmətə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qeyd olunduğu kimi, bu il ilboyu Azərbaycanda, bir çox ölkələrdə, o cümlədən Gürcüstanda Heydər Əliyevin 100 illiyi qeyd edilir. Bu gün burada nümayiş etdirilən sərgidə bir şəkil diqqətimizi daha çox cəlb etdi, Heydər Əliyev və Eduard Şevardnadzenin şəklidir. Onların dostluğunun çox böyük tarixçəsi var. Sovet dövründə onlar bir-birilə sıx təmasda idilər və o vaxt sovet Gürcüstanının, sovet Azərbaycanının rəhbərləri kimi xalqlarımızı daha da birləşdirmək üçün böyük səylər göstərmişdilər. Bu iki parlaq şəxsiyyət sovet dövründə də öz istedadı, öz cəsarəti və öz xalqlarına olan bağlılığı ilə fərqlənirdi. Tale elə gətirdi ki, onlar təxminən eyni vaxtda müstəqil Gürcüstana və müstəqil Azərbaycana rəhbərlik etməyə başladılar. Xalqlarımız üçün ən ağır dövrdə, – o acı və ağrılı günləri biz xatırlayırıq, – məhz onların liderliyi sayəsində həm Gürcüstan, həm Azərbaycan inamla müstəqilliyə doğru addımlamağa başlamışdır. Məhz onların fəaliyyəti nəticəsində müstəqil Gürcüstan, müstəqil Azərbaycan inkişaf etməyə başlamışdır.
Biz – onların davamçıları, bu gün onların yolu ilə gedirik. Təbii ki, bu gün Gürcüstan və Azərbaycan qat-qat daha inkişaf etmiş ölkələrdir. Ancaq çağırışlar demək olar ki, eynidir, problemlər eynidir. Cənubi Qafqazda sülh hələ ki, tam bərqərar olunmayıb və bu gün cənab Baş nazirlə söhbət əsnasında, o cümlədən bu məsələyə də toxunduq. Cənubi Qafqazda sülhün bərqərar olmasının vaxtı çatıb. Baş nazir qeyd etdiyi kimi, biz hər zaman bir-birimizin ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəkləmişik və dəstəkləyirik. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır.
Biz bu gün, eyni zamanda, Ermənistan-Azərbaycan normallaşma prosesinə də toxunduq. Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsinin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə biz Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzərində fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, – mən buna ümidliyəm, – o zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq. Cənubi Qafqaz ölkələri əməkdaşlığa üçtərəfli formatda başlaya bilərlər və bir çox sahələr üzrə əməkdaşlıq çox uğurlu ola bilər, nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu, bütün bunlar, mümkündür. Sadəcə olaraq biz bundan məhrum idik, ona görə ki, Azərbaycan ərazilərinin bir hissəsi uzun illər işğal altında idi və təbii ki, bu vəziyyət imkan vermirdi ki, normallaşmaya doğru addımlar atılsın. İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar.
Bildiyiniz kimi, bu gün bir neçə ölkə və eyni zamanda, bəzi beynəlxalq təşkilatlar Ermənistan və Azərbaycan arasında gedən normallaşma prosesində öz dəstəyini göstərməyə çalışırlar. Biz bunu alqışlayırıq. Əgər bu, birtərəfli və qərəzli deyilsə, əlbəttə, biz istənilən vasitəçiliyi və yardımı qəbul edirik. Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi. Mən cənab Baş nazirə minnətdaram ki, o da bu sahədə mümkün olan vasitəçilik imkanlarını ortaya qoyur. Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik və Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm üçtərəfli görüşə gələ bilərlər.
O ki qaldı, bizim digər sahələrdəki əməkdaşlığa, cənab Baş nazir artıq qeyd etdi, həm enerji, həm nəqliyyat sahəsində çox böyük planlarımız var, əlbəttə ki, böyük uğurlarımız var. Həyata keçirilmiş layihələr haqqında danışmaq, hesab edirəm ki, əbəsdir, bunu hər kəs bilir. Sadəcə olaraq onu demək istəyirəm ki, bizim birgə həyata keçirdiyimiz enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinə xidmət göstərir.
Həmçinin gələcək planlarımız üzrə birmənalı əməkdaşlığın dərinləşməsinə hesablanmış gündəlik vardır. Biz böyük məmnuniyyətlə Gürcüstanın yeni infrastruktur layihələrinin yaranmasında iştirak edə bilərik. Bu gün biz Anakliya limanının inşası ilə bağlı fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, Azərbaycanın Gürcüstanın Qara dəniz sahilində Kulevi limanı var, o limanın genişləndirilməsi, əlbəttə ki, əməkdaşlığımızı daha da gücləndirəcək. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun aşırma qabiliyyətinin 5 dəfədən çox artırılması və yaxın gələcəkdə fəaliyyətə başlaması da, əlbəttə, Orta Dəhlizin güclənməsinə xidmət göstərəcək.
Energetika sahəsində ənənəvi sahələrdən başqa bu gün bizi birləşdirən “Yaşıl enerji dəhlizi” layihəsidir. Burada da biz – yenə də Gürcüstan və Azərbaycan – iki qardaş ölkə Avropa ölkələri ilə sıx əməkdaşlıq edirik və yaxın aylarda bu layihənin texniki-iqtisadi əsaslandırması hazır olacaq. Əminəm ki, ondan sonra biz konkret işlərə start verə bilərik. Böyük sərmayə qoyuluşu nəzərdə tutulur və beləliklə, “Yaşıl enerji dəhlizi”, enerji kabeli inşa edilərək həm bizim, həm də ki, tərəfdaş ölkələrin enerji təhlükəsizliyini gücləndirəcək.
Bir sözlə, bu gün Gürcüstanın və Azərbaycanın birlikdə və digər qonşu ölkələrlə birgə icra etdiyi layihələr böyük məna daşıyır, təkcə Cənubi Qafqaz regionu üçün deyil, böyük mənada Avrasiya qitəsi üçün və biz buna hazırıq. Bizdə həm güclü siyasi iradə var, artıq yaradılmış güclü infrastruktur var. Ən əsas amil isə Gürcüstan-Azərbaycan dostluğu və strateji tərəfdaşlığıdır.
Sözümün sonunda bir məsələni də qeyd etmək istərdim. Mən Gürcüstana tez-tez gəlirəm və hər dəfə gələndə Gürcüstanın yeni bir guşəsi ilə tanış oluram. Hər dəfə həm Gürcüstanın gözəl təbiətinə bir daha heyran oluram, eyni zamanda, Gürcüstanda gedən tərəqqi prosesinə də çox böyük maraqla baxıram və sevinirəm. Cənab Baş nazirin rəhbərliyi ilə Gürcüstan inamla inkişaf edir, Gürcüstanda ictimai-siyasi sabitlik tam bərqərar olunub. Bu sabitliyin mənbəyi Gürcüstanda yaşayan vətəndaşların hökumətə olan dəstəyidir. Bu sabitlik və hökumətin aydın gələcəyə yönəlmiş baxışları imkan verir ki, bir çox önəmli layihələr icra edilsin, imkan verir ki, həm iqtisadiyyat artsın, infrastruktur layihələri icra olunsun və insanların rifah halı ildən-ilə yaxşılaşsın. Biz Gürcüstanın dostu kimi buna ürəkdən sevinirik.
Əldə edilmiş nailiyyətlər münasibətilə Sizi, cənab Baş nazir, bizim bütün gürcü qardaşlarımızı təbrik edirik. Qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirərək, cənab Baş nazir, Sizi Azərbaycana dəvət edirəm. Təşəkkür edirəm.