Ermənistan Baş naziri Nikol Paşinyanın 22 mayda keçirdiyi 4 saatlıq mətbuat konfransında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Azərbaycanın ərazi bütövlüyününə Qarabağın da daxil olduğunu deməsi, “Qarabağ Azərbaycandırmı” sualına “bəli” cavabını verməsi ciddi müzakirə edilir.
Ermənistan mediası “2019-cu ildə “Qarabağ Ermənistandır və nöqtə” deyən Paşinyan 22 may 2023-cü ildə “Qarabağ Azərbaycandır və nöqtə” dediyini manşetlərə daşıyır, beynəlxalq qurumlar isə Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərini sülh sazişi istiqamətində ilk mühüm addım kimi qiymətləndirir.
Nikol Paşinyanın “Mülki müqavilə” partiyasının rəhbərliyi və partiyanın parlament fraksiyasının deputatları da bunu dünyanın yeni reallıqları ilə hesablaşmaq, “sülh və müharibə” arasındakı seçim kimi qiymətləndirərək, baş nazirin yanaşmasını bölüşdüklərini bildirirlər. Çünki Azərbaycanın beynəlxalq aləmdə tanınan sərhədlərini qəbul etməmək Ermənistanın Azərbaycana çağırışı deməkdir. Erməni deputatların fikrincə, ərazi bütövlüyünü tanımamaq Ermənistana müharibə elan etməsi üçün Azərbaycana hüquqi əsas verə, Ermənistan torpaqlarında bufer zona yaradılması üçün Azərbaycan Ordusunun hərəkətə keçməsinə səbəb ola bilər.
“Mülki müqavilə” fraksiyasının deputatları Rusiyanın Ukrayna savaşında başının qarışıq olduğunu, Qərbin isə Azərbaycanın ərazi bütövlüyünə hörmət etdiyini bildirərək, Azərbaycanın ərazi bütövlüyünün tanınmaması və Azərbaycana müharibə çağırışı ediləcəyi təqdirdə “Rusiyanın dəstəyi olmayan Ermənistanın” dövlətçiliyinin təhlükə altına düşəcəyini də bildirirlər.
Xatırladaq ki, cəmi bir ay 4 gün bundan əvvəl – 18 aprel 2023-cü ildə Salyan rayonuna səfər edən Prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibə vermişdi. Prezident müsahibəsində bildirmişdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü dolayısı ilə tanıyır, ancaq İrəvan bunu açıq şəkildə elan etməlidir.
“Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir. Çünki əgər “A” deyibsə, “B” də deməlidir. Almaatı Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – Prezident xüsusi olaraq bildirmişdi.
Aradan 1 ay 4 gün keçəndən sonra Ermənistan – yəni “Qarabağ Ermənistandır və nöqtə” sözlərinin müəllifi Nikol Paşinyan “Qarabağ Azərbaycandır” dedi.
“…Və nida”nı isə “Mülki müqavilə” partiyasının deputatları erməni cəmiyyətinə başa salmaqla məşğuldur…