Ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın parlamentdə hansı çıxışı edəcəyi və xüsusilə müxalif deputatların suallarına nə cavabı verəcəyi 2 maydan gündəmdə idi. Çünki may ayının 1-dən Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda danışıqlara başlamışdılar: “Ortada konkret razılaşdırılmalı sənəd varmı”, “Sülh sazişi, münasibətlərin tənzimlənməsi, yoxsa “yol xəritəsi” üzərində iş gedir” kimi suallar səsləndirilirdi.
Erməni mediası hakim partiya deputatlarının belə prosesdən yetərincə məlumatlı olmamasında israr edirdi. Bu baxımdan Nikol Paşinyanın nə deyəcəyi müzakirəyə çıxarılmışdı.
Nikol Paşinyan parlamentə gəldi və inanılmaz cəsarət sərgilədi!
Paşinyan ermənilərin millətçilik, vətənpərvərlik anlayışlarının xalqı məhv etdiyini açıq etiraf etdi – illərdir Azərbaycan bunu deyir!
Nikol Paşinyan Türkiyənin bu ölkənini təyyarələri üçün hava məkanını bağlamasına açıq şəkildə haqq qazandırdı və bunu Ermənistanın səhvi nəticəsində olduğunu cəsarətlə dedi. Terror hərəkatı olan “Nemezis”ə heykəl qoyulmasının əleyhinə olduğunu bildirdi, faşist Qaregin Njdenin heykəlinin də Ermənistan dövlətçiliyinə qətiyyən xidmət etmədiyini bildirdi.
Paşinyan dərk edir və yaxud onun qərbli məsləhətçiləri bu ermənini başa sala biliblər ki, terrorçu hərəkatına və yaxud faşistə heykəl qoymaqla Ermənistan qüdrətli Türkiyə və Azərbaycan ittifaqı arasında öz dövlətçiliyini təhlükəyə atır və beynəlxalq dəstəyi özü öz əli ilə kəsir;
Paşinyan artıq dərk etməyə başlayıb ki, bütün bu “patriotizm” adı altında qızışdırılmalar Ermənistanı Rusiyanın ömürlük köləsi olmağa sürükləyir…
İlk dəfə idi ki, Paşinyan “Ermənistan iqtisadiyyatının genişlənməsi…” sözünü işlədərkən, müxalif deputatın “həm də ərazisini” replikasına dərhal və anında sərt şəkildə “Qətiyyən” deyə cavab verdi, “Ermənistan qonşulara ərazi iddiasından imtina etməlidir və bu, indi deyil, həmişəlik olmalıdır” dedi. Bu, Ermənistanın Müstəqillik Aktında əks olunan qonşulara ərazi iddiasının dəyişdirilməsi üçün prosesin başlanması deməkdir.
“Türkiyə hava məkanını bağlayıb, Ermənistan niyə etməsin” ritorik sualını da Paşinyan cavabsız buraxmadı. Etiraf etdi ki, Ermənistanın yolları bağlaması nə Azərbaycana, nə də Türkiyəyə heç bir təsir etmir, yalnız və yalnız Ermənistanın özünü dalana dirəyir, yalnız İrəvana ziyan vurur.
Dəfələrlə Prezident İlham Əliyevin dediyi və bütün beynəlxalq platformalarda səsləndirdiyi sözlərin nə qədər həqiqəti əks etdirdiyini Paşinyan ötən gün etiraf edirdi.
İlham Əliyev Ermənistanın suveren dövlət kimi varlığının sülh müqaviləsindən, qonşularla münasibətlərinin normallaşmasından asılı olduğunu dəfələrlə elan edib – Paşinyan ötən gün bunu boynuna alırdı.
Diqqəti çəkən bir nüans da İlham Əliyevin Şuşada ötəngünkü çıxışında toxunduğu məsələlər idi:
1. Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar;
2. Razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır və s.
Bundan öncə İlham Əliyev Ermənistanın sülhə məcbur ediləcəyi siyasətini davam etdirirdi, ancaq ilk dəfədir ki, hərbi siyasətdən Azərbaycanın tam imtina etdiyinin anonsunu verdi, “Bu qədəri bəsdir” dedi.
Azərbaycan hərbi baxımdan bütün hədəflərinə çatıb, “Laçın” sərhəd-keçid məntəqəsinin qurulması ilə öz suveren ərazilərinə nəzarəti tam ələ keçirib: bundan sonrakılar – kommunikasiyaların açılması, Zəngəzur dəhlizi, Ermənistandakı eksklavlar və s. artıq danışıqların, sülh prosesinin, delimitasiyanın işidir.
İlham Əliyev elan etdi ki, sülh Ermənistanın özünə lazımdır – imzalamayacaqsa, yenə də transmilli layihələrdən kənarda, dalan ölkəsi kimi qalacaq və suveren dövlət olmaq imkanlarını itirəcək.
Prezident İlham Əliyevin bu çıxışındakı həqiqəti Paşinyan bir neçə saatdan sonra parlamentdə təkrarladı.
Paşinyanın statusu, informasiyalara çıxmaq imkanı, digər ölkə nümayəndələri ilə müzakirələri – nəticə olaraq yeni reallığa uyğun addım atmaqdan başqa İrəvanın çarəsinin olmadığı faktını qaçılmaz edir. Ona görə Paşinyan “1 iyuna qədər sülh sazişinin ilkin mətni təsdiqlənərsə, sevinərəm” deyə elan etdi.
Respublikaçılar İnstitutunun bir gün öncə Paşinyanın reytinqi ilə bağlı sorğunu tirajlaması da təsadüf deyildi – bu da Ermənistan Baş nazirinin cəsarətli çıxışına hazırlıq məqsədi daşıyırdı. Yəni bütün təzyiqlərə və antitəbliğata baxmayaraq, Paşinyan son bir ildə səs faizini artırıb, onun rəqibləri isə kəskin reytinq itiriblər.
Buna görə Paşinyan artıq satqın adlanmaqdan qorxmadığını, həqiqətləri cəsarətlə deməyə və ciddi siyasi iradə nümayiş etdirməyə hazır olduğunu bildirdi.
Əlbəttə, Paşinyanın “ciddi siyasi iradəsi” bir az mübahisəli məsələdir: dəfələrlə Paşinyanın bu gün dediyi sözü sabah dəyişdiyi və tamam başqa mövqe nümayiş etdirdiyini görmüşük. Ancaq Paşinyan nə üçün mövqeyindən çəkindiyini, nədən qorxduğunu da dünən etiraf etdi – “Nemezis” heykəlinin açılmasına qarşı olsa da, xalqın nəzərində antimilli, satqın adlanmamasından dolayı buna imkan veribmiş.
Bu baxımdan Paşinyanın yenə o təzyiqlər qarşısında geri çəkilməyəcəyini düşünmək də yanlış olardı. Ancaq hər bir halda bu etirafların olması, erməni xalqında dövlətçilik təfəkkürünün olmadığını deməsi, suveren ölkənin şərtlərini irəli sürməsi, millətçi, əslində isə onillərdir zəhərlənmiş beyinlə dövləti yaşatmağın qeyri-mümkünlüyünü bildirməsinin özü artıq nəsə deməkdir…