Azərbaycanın hazırkı rəhbəri İlham Əliyev ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində mütləq üstünlüklə qalib gələcək.
AzerTimes xəbər verir ki, “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camal “RİA Novosti”yə açıqlamasında deyib.
“Qarabağdakı qələbədən sonra Əliyevin ölkədə heç bir rəqibi yoxdur. Bunun səbəblərindən biri də siyasi müxalifətin öz iddialarını və təbliğatını Qarabağ üzərindən qurmasıdır. Ölkənin ərazi bütövlüyünü tam təmin etdikdən sonra Azərbaycanın indiki hakimiyyətinin ən qatı əleyhdarları belə etiraf edirlər ki, bu, Əliyevin ən böyük uğurudur. Bu baxımdan hazırda Azərbaycanda müxalifət proqramın olmamasından əziyyət çəkir. Üstəlik, İlham Əliyevin bir çox rəqibləri Xankəndidəki qələbə paradından sonra mövqelərində ciddi korrektələr ediblər. Bu vəziyyət Əliyevin seçkilərdə mütləq üstünlüklə qalib gələcəyini proqnozlaşdırmağa imkan verir”, – Aynur Camal bildirib.
Onun sözlərinə görə, tarixi uğurlara imza atan Azərbaycanın hakim iqtidarının reytinqləri hazırda pik həddindədir və belə görünür ki, bu vəziyyətdən istifadə etmək qərarı verilib:
“Siyasi təcrübədə belə hallar təbii qarşılanır. Adətən siyasi hakimiyyətlər seçki prosesini reytinq cədvəli ilə uyğunlaşdırırlar. Prezident İlham Əliyev də üstün mövqeyini seçki prosesinə daşımaq və qazanclı çıxmaq üçün belə bir gediş etdi. Bu məsələdə ən mühüm səbəblərdən biri Qarabağ məsələsinin həllindən sonra Azərbaycanın daxilində və regionda yeni reallığın yaranmasıdır.
Geosiyasi mübarizənin Cənubi Qafqaz cəbhəsində qarşıdurma açıq müstəviyə keçib. ABŞ başda olmaqla, Qərb cəbhəsi Rusiyanı bölgədə sıxışdırmaq istəyir. Onlara Cənubi Qafqazdakı siyasətlərində istədikləri nəticəni əldə edə bilmələri üçün Azərbaycan lazımdır”.
A.Camal bildirib ki, Azərbaycan-Ermənistan sülh sazişi imzalanmasa, Qərbin Ermənistana yatırdığı siyasi, iqtisadi və hərbi kapitalın heç bir önəmi olmayacaq:
“Çünki sülh sazişi olmasa, kommunikasiya açılmayacaq, kommunikasiyanın açılmaması Ermənistanın “dalan ölkə” olaraq qalması deməkdir. Bakı isə artıq bir neçə dəfə Qərbin vasitəçiliyindən imtina edib. Məhz bu məqamda Azərbaycanı sülh sazişinin Qərb platformasında müzakirə edilməsinə və imzalanmasına məcbur etməyə çalışırlar. Əliyev bu oyunları çox doğru oxuya bilir və yalnız Azərbaycanın milli maraqlarına uyğun mövqe sərgiləyir. Bu prinsipial mövqe kənar oyunçuların bölgə üzərindəki oyunlarına qarşıdır. Buna görə də Azərbaycanın daxili siyasi seqmentinə müdaxilələrin edilməsi, ölkə daxilində müxtəlif ssenarilərin tətbiqinə cəhdlərin olunması gözləntiləri də var. Çox güman ki, Prezident Əliyev növbədənkənar seçkilərlə ölkə daxilindəki üstün mövqeyini daha da möhkəmləndirmək niyyətindədir”.