Fransanın antiazərbaycan siyasəti bu ölkəni Avropanın digər iddialı ölkəsi olan Almaniyanın gerisinə sürükləyib. Berlin fürsətdən məharətlə istifadə edib. Fransa Prezidenti Emmanuel Makron qatı ermənipərəst və antiazərbaycan siyasəti ilə Bakı və İrəvan arasında vasitəçilik imkanlarını itirib. Almaniyanın kansleri Olaf Şolts yaranan bu vəziyyəti doğru qiymətləndirərək Bakı ilə İrəvan arasında vasitəçilik təşəbbüslərini gücləndirib.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Almaniya kansleri fevral ayında Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş təşkil etdi. Bundan bir müddət sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Berlində müzakirələri davam etdirdilər. Azərbaycanla Ermənistan arasındakı son razılaşmalar vasitəçi olmadan əldə edilib. Buna baxmayaraq, İrəvan və Bakı Berlinin vasitəçiliyindən imtina etmirlər. Bu baxımdan Azərbaycan prezidentinin aprelin 26-da Almaniyaya səfəri bu siyasətin tərkib hissəsidir. İlham Əliyev səfər öncəsi Almaniyanın siyasəti barədə müsbət fikirlər söyləyib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanın Almaniya ilə sərmayə qoyuluşu və dövlət strukturları ilə müqavilələrin bağlanılmasına dair planları var. Vaxt var idi, bu kimi müzakirələr Fransanın rəhbərliyi və işgüzar dairələri ilə aparılırdı. Makron yaxın keçmişdəki əlaqələrin üstündən xətt çəkdi. İtirən Fransa oldu. Almaniya ilə Fransanın Azərbaycan üçün daha bir fərqi özünü onda göstərdi ki, Berlin Azərbaycanla Ermənistan arasındakı sərhəd razılaşmasını təqdir etdi, Parisdən isə səs çıxmadı”, – o vurğulayıb.