Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Brüsseldə oktyabrın sonunda nəzərdə tutulan üçtərəfli (Əliyev-Paşinyan-Mişel) görüşün olmayacağı barədə açıqlamasının ardınca Ermənistan XİN başçısı Ararat Mirzoyan bu yöndən suala aydınlıq gətirdi. O bildirdi ki, görüş “Azərbaycan Prezidentinin vaxtı olmadığı üçün təxirə salınıb”.
O, ümid etdiyini bildirib ki, həqiqətən Azərbaycan Prezidentinin vaxtı yoxdur və növbəti görüşə hazır olduqlarını qeyd edib.
5 oktyabrda Prezident İlham Əliyev Qaranadadan imtina etdi – Avropa Siyasi Birliyinin üçüncü sammitində beştərəfli (Əliyev-Paşinyan-Makron-Şolts-Mişel) görüşü nəzərdə tutulurdu. Prezident Əliyevin səfərdən imtinasının səbəbi kimi Türkiyə liderinin görüşdə iştirasını tələb etməsi və buna müsbət cavab almaması göstərilirdi.
Əlbəttə, Makron və Şoltsun vəziyyətdən istifadə edərək, vasitəçi kimi həm də siyasi danışıqlarla Cənubi Qafqazda “söz sahibinə” çevrilməsi, Türkiyənin isə danışıqlardan kənarda saxlanılması geopolitik baxımından Azərbaycanın maraqlarına və mövcud real şəraitə uyğun deyildi. Təbii ki, Əliyev buna qəti imkan verə bilməzdi.
Bişkekdə keçirilən MDB dövlət başçılarının görüşünə isə Paşinyan qatılmadı. Qranadadan cəmi 1 həftə sonra Ermənistanın üzvü olduğu qurumun sammitinə Paşinyanın qatılmaması birmənalı qarşılanmadı.
Hələ o zaman danışıqların “Qərb platformasında” davam etdiriləcəyi barədə fikir irəli sürülsə də, Azərbaycanın bunda ciddi şəkildə maraqlı olmadığı da görünürdü.
Səbəb isə əslində bu gün Klaarın açıqlamasında gizlənib.
Klaar görüşün olmayacağı barədə açıqlamasında bgildirir ki, görüşdə sülh müqaviləsi və “ermənilərin Qarabağa qaytarılması üçün sazişin imzalanması” nəzərdə tutulurdu.
Prezident Əliyev ermənilərin Qarabağa məcburi qaytarılmasını nəzərdə tutan Makron hiyləsinin toxuduğu hansısa sazişə niyə imza atmalıdır? Ermənilərin Azərbaycana məcburi şəkildə köçünü təmin etməyə çalışan Makron Qranadada buna nail olmadıqdan sonra Brüsseldə nəyi və hansıə strateji məqsədlə həyata keçirmək istəyir?
Böyük ehtimal odur ki, İlham Əliyev gündəliyə ciddi şəkildə etiraz edib. gündəm budur: Azərbaycanla Ermənistan arasında sülh sazişi, sərhədin delimitasiya və demarkasiyası, o cümlədən regional kommunikasiyanın blokdan çıxarılması.
Bu gündəliyə ermənilərin zorla, Bakının üzərinə xüsusi öhdəlik qoyulmaqla qaytarılması daxil ola bilməz!
Bu gündəm Azərbaycanın maraqlarına qətiyyən uyğun deyil və nə qədər ki. bunu gündəmdə saxlamağa çalışacaqlar, İlham Əliyevin də “vaxtı” olmayacaq.