Rusiya Ermənistan-Azərbaycan danışıqlarının moderatoru kimi lider mövqeyini bərpa etmək istəyir, Moskvada görüşün keçirilməsi təklifi də bu məntiqə uyğundur.
AzerTimes xəbər verir ki, bunu erməni politoloq Qarik Keryan Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün Moskva platformasını təklif etməsini şərh edərkən deyib.
Ekspertin fikrincə, Rusiya da Qarabağda və bütövlükdə regionda qalmağa çalışır, ona görə də danışıqlar platforması təmin etmək təklifi yaranıb. Baxmayaraq ki, Qarabağın Azərbaycanın tərkibində tanınması ilə vəziyyət “sözün əsl mənasında alt-üst olub”:
“Düşünürəm ki, siz hətta Moskva ilə Bakı arasında bəzi ziddiyyətləri də müşahidə edə bilərsiniz. Putinlə Əliyev arasında Bişkekdə ikitərəfli görüşdə dialoqu xatırlayaq. Rusiya lideri görüşü açaraq dedi: “Danışılacaq çox şey var. Burada bir nömrəli məsələ Qarabağ ətrafındakı vəziyyətdir”. Əliyev cavab çıxışında Qarabağla bağlı bir kəlmə də danışmadı və bununla da Qarabağ məsələsinin Azərbaycan üçün bağlandığını açıq şəkildə ortaya qoydu”.
Ekspert hesab edir ki, Moskvanın bəyanatları sülhməramlıların getməsi perspektivi ilə bağlı müəyyən narahatlığı ifadə edir. Aydındır ki, sülhməramlıların getməsi Rusiyanın regiondakı mövqelərinə ciddi zərbə olacaq.
Eyni zamanda, Keryan Ermənistan və Rusiyanın hakimiyyət orqanlarının konstruktiv münasibət saxlamaq üçün müəyyən cəhdlərini müşahidə etdiyini bildirib:
“Dağlıq Qarabağ faktiki olaraq ləğv edildikdən sonra Rusiya Ermənistandakı mövqeyini saxlamaq istəyir. Xüsusən də Azərbaycanın rusiyapərəst adlandırılması çətin olan hərəkətləri və ritorikası fonunda Moskva İrəvanla daha fəal işləyəcək. İrəvan hakimiyyətinin bunu istəyib-istəməməsi başqa məsələdir”.
O hesab edir ki, Paşinyan hazırda Avropa liderlərinin dəstəyindən istifadə edir:
“Bəlkə də Ermənistanın baş naziri hesab edir ki, Moskvaya getsə, avropalıların dəstəyini itirə bilər. Bunun müqabilində Rusiyadan nə almaq lazımdır – görünür, Ermənistan rəhbərliyinin hələlik heç bir fikri yoxdur. İrəvanın qərarında çox şey (Rusiyanın mötədilliyinə razı olub-olmaması) Avropa liderlərinin oktyabrın sonunda Brüsseldə planlaşdırılan danışıqlarda Paşinyana nə deyəcəklərindən, nə məsləhət verəcəyindən asılı olacaq.
Azərbaycana gəlincə, onun prezidenti kifayət qədər təcrübəli və çevik siyasətçidir. Əgər o, Moskvada Qarabağ məsələsində ona təzyiq ediləcəyini hiss etsə, heç vaxt ora getməyəcək. Moskvanın onun maraqlarını dəstəklədiyini görsə, Moskva formatına razı olacaq”.
Qeyd edək ki, daha öncə Rusiya lideri MDB-nin Bişkek sammiti çərçivəsində mətbuat konfransında bildirmişdi ki, Moskva sülh müqaviləsinin imzalanması üçün Ermənistanla Azərbaycan arasında danışıqların bərpasına şərait yaratmağa və köməklik göstərməyə hazırdır.