Prezident İlham Əliyev Almaniya Kanslerinin təşəbbüsü ilə (Ermənistan Baş naziri Nikol Paşinyanla ikitərəfli – red.) təşkil olunan görüşün konstruktiv və faydalı mühitdə keçdiyini qeyd edib.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə Münhendə görüşündə deyib.
Prezident İlham Əliyev artıq Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, sərhədlərin delimitasiyası və sülh müqaviləsi üzrə danışıqların aparılması istiqamətində razılıqların əldə olunduğunu, bu xüsusda xarici işlər nazirləri səviyyəsində tezliklə görüşün keçiriləcəyinin razılaşdırıldığını diqqətə çatdırdı.
Sülhün əldə edilməsinin və sülh müqaviləsinin imzalanmasının çox real olduğunu vurğulayan dövlətimizin başçısı regionda de-fakto sülhün mövcud olduğunu bildirib. COP29-a sədrliyin Azərbaycana verilməsi prosesinin Ermənistanla Azərbaycan arasında qarşılıqlı anlaşma və kompromis şəraitində reallaşmasının özünün bütövlükdə müsbət bir addım olduğu, bu dinamikanın davam etdirilməsinin vacibliyi qeyd edib.