Əliyev niyə bir masada iki Paşinyanla müzakirə aparmalıdır?

Əliyev niyə bir masada iki Paşinyanla müzakirə aparmalıdır?

Fransa Senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini müzakirəyə çıxaracaq: sanksiya qərarı olarsa belə, bunun praktiki tətbiqinin reallaşması ehtimalı azdır, xüsusilə Bakının Avropanın enerji təminatında rolunun heç olmadığı qədər artması fonunda.

Lakin bu məsələ Fransanın Azərbaycana qarşı münasibətini yenidən gündəmə gətirir və bu ölkənin ümumiyyətlə Bakı-İrəvan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirakını sual altına salır. Makronun son dövrlər Mişelin formalaşdırdığı Brüssel formatını ələ keçirməyə çalışması da bu kontekstdə diqqətçəkən məqamdır.

Müharibədən sonra Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində Qərb cəbhəsinin aktivliyi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin timsalında ön plana çıxdı: Brüssel formatında 4 görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub:

– Sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması;

– Bakı-İrəvan xəttində XİN rəhbərləri səviyyəsində birbaşa təmasın qurulması;

– Sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma və s;

Brüssel formatının ön plana çıxdığı vaxt Makron masada peyda oldu və aydın görünür ki, təşəbbüsü mənimsəməyə çalışır. Və burada Yelisey sarayının həm geosiyasi, həm regional maraqları var:

Birincisi, Aİ-yə hazırda rəhbərlik edən ölkə kimi ön plana çıxmaq;

İkincisi, rəsmi Brüsselin hazırladığı formatı ələ keçirməklə Cənubi Qafqazda təsir gücünü artırmaq;

Üçüncüsü, geosiyasi proseslərdə aparıcı oyunçu olduğunu sərgiləmək və Cənubi Qafqaz üzərindən Rusiya ilə “bazarlıq” imkanı qazanmaq;

Dördüncüsü, təbii olaraq, Ermənistanın maraqlarını müdafiə etmək.

Paşinyanın əsas ümidi də Makrondur və Praqa görüşündə Fransanın təsiri ilə “çox şeyə nail” olacağını hesablayırdı:

1. Sərhədə gələcək mülki missiyanın Azərbaycan ərazisində də yerləşməsi;

2. Kommunikasiyanın açılması məsələsinin Ermənistanın maraqları kontekstində bəyanatda əksini tapması;

3. Qarabağdakı ermənilərin “statusu”na zəmin yaradacaq məsələlərin müzakirəsi.

Əliyev bu oyunun qarşısını aldı, Praqa bəyanatının mətni də bunu təsdiqləyir:

– Mülki missiyanın Azərbaycan ərazisinə daxil olmasına imkan verilmədi;

– Kommunikasiyanın açılması məsələsi bəyanata daxil edilmədi və bununla Zəngəzur dəhlizi 10 noyabr razılaşmasına uyğun aktuallığını saxladı;

– Qarabağ məsələsi daxili işimiz olaraq ümumiyyətlə müzakirə edilmədi.

Lakin bəllidir ki, Fransa müxtəlif yollarla Azərbaycana qarşı planlarını davam etdirir və rəsmi Parisin niyyətinin nə olduğu da məlumdur:

– Sərhədin Ermənistanın maraqlarına uyğun müəyyən edilməsi;

– Kommunikasiyaların İrəvanın istədiyi formada açılması;

– Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmə” məsələsinin ön plana çıxması və s.

O zaman sual yaranır: Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə keçirilən görüşlərdə niyə iştirak etməlidir?!

Fransa son 30 ildə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir, 44 günlük müharibədə Makron Paşinyan qədər işlədi, müharibədən sonra Azərbaycana qarşı bütün proseslərdə bu ölkə yer alır, qondarma “status” məsələsindən əl çəkmir. Və bu ölkənin indiyə qədər olduğu kimi, bundan sonra da Bakı-İrəvan münasibətlərində iştirakçı olması yalnız Ermənistan maraqlarının qorunmasına xidmət edəcək.

Bu baxımdan, rəsmi Bakı Fransanın “vasitəçiliyindən” də, Makronun iştirak etdiyi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş görüşlərdən də imtina etməlidir. Əliyev niyə iki Paşinyanla danışıq aparmalıdır ki?!

Teqlər: