Prezident seçkilərində İlham Əliyev yüksək səs faizi ilə qalib gələcək.
Bu sözləri AzerTimes-a açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli İlham Əliyevin 7 fevralda keçiriləcək prezident seçkilərində alacağı səslə bağlı proqnozunu təqdim edərkən deyib.
O bildirib ki, İlham Əliyevin yüksək səs alacağının bir çox səbəbi var:
“Əsas səbəb Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tam şəkildə bərpa etməsidir. Bundan başqa, Əliyevin həyata keçirdiyi kadr islahatları, siyasi, iqtisadi və sosial sahələrdə aktivliyi son illərdə daha da yüksəlib. Hazırda İlham Əliyev fəaliyyətinin yüksəliş dövründədir. Buna görə də düşünürəm ki, 7 fevralda Əliyev 92 faiz səslə prezident seçiləcək”.
Vətəndaş Həmrəyliyi Partiyası (VHP) sədrinin ictimai-siyasi məsələlər üzrə müavini Arif İsmayılbəyli də seçkilərdə İlham Əliyevin yüksək səs toplayacağı qənaətindədir.
“Məncə, İlham Əliyev seçkilərdə 85 faiz səs toplayacaq. Biz daim cəmiyyət arasında olduğumuz üçün insanların böyük əksəriyyətinin kimə səs verəcəyini təxmin edə bilirik. Bu seçkilərdə İlham Əliyev yüksək səs toplayacaq. Şəxsən mən indiyə qədər İlham Əliyevə səs verməmişəm, amma bu seçkilərdə ona səs verəcəm. Bunun səbəbi 30 ilə yaxın bir müddətdə işğal altında qalan torpaqlarımızın azad olunması, ərazilərimizin separatçılardan tamamilə təmizlənməsi, bütövlüyümüzün və suverenliyimizin bərpasıdır”.
Respublikaçı Alternativ Partiyasının (REAL) icraçı katibi Natiq Cəfərli də İlham Əliyevin seçkilərin alternativsiz favoriti olduğunu vurğulayıb:
“İlham Əliyevin hazırkı reytinqini nəzərə alsaq, böyük ehtimalla 90 faiz civarında səslə prezident seçiləcək”.