Əliyev Makronun ASB liderliyini məhv etdi: Bakıya zəng…

Əliyev Makronun ASB liderliyini məhv etdi: Bakıya zəng…

Avropa Birliyinin siyasi lideri qismində çıxış edən Fransa illərdir Avropanın bir çox problemləri özünün həll edə biləcəyi platforma yaratmaq və ABŞ-ın təsirini heçə endirmək uğrunda çalışır.

Hətta Fransanın Avropa Birliyinin özünün hərbi qüvvələrinin yaradılması ideyasının da Parisin Vaşinqtona qarşı siyasi-hərbi müqaviməti kimi dəyərləndirənlər var. Fransa bu baxımdan Rusiya ilə münasibətləri də tənzimləmək istiqamətində çalışırdı. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi Fransanın səylərini və bu istiqamətdə irəliləməsini əngəllədi.

Buna baxmayaraq, Avropa Siyasi Birliyi yaradıldı: bir il müddətində Praqada ilk, Kişinyovda ikinci sammitini keçirən ASB-nin bu gün Qranadada 3-cü zirvə görüşü başlayacaq.

Avropa Siyasi Birliyinin siyasi lideri Parisdir və Fransa bu baxımdan Avropanın ən böyük iqtisadi gücü Almaniyadan ciddi dəstək alır. Almaniya Fransanın siyasi liderliyini qəbullanmış kimi görünsə də, qərarların qəbulunda aktiv iştirakını da saxlayır.

Bu, Fransanın – Makronun öz lideliyində yeni bir Avropa formalaşdırmaq istiqamətində ciddi həmləsi sayıla bilərdi. Təsadüfi deyil ki, ASB-nin sammitlərində Avropa məkanında mövcud olan münaqişələrin geniştərkibli müzakirəsi ənənəsinin də yaradılmasına cəhdlər edilir. Digər tərəfdən, ASB aktivliyi ilə də seçilir – 2022-ci ildə ilk sammitindən bəri artıq 3-cü zirvə toplantısıdır.

Almaniya, Avropa Birliyi Şurası və qismən də İtaliyanın ilk vaxtlardan dəstəklədiyi Avropa Siyasi Birliyi yarandığı vaxtdan qısa müddət sonra Fransanın siyasi iradəsinin ifadəçisi qismində çıxış etməyə başladı: Makronun bütün proseslərə şəxsən müdaxiləsi və Parisin maraqlarını qeyri-diplomatik formada ortaya qoyması, ədalətsiz yanaşmaları və ardıcıl uğursuzluqdan doğan çıxılmazlığın yaratdığı tələskənlik ASB-nin perspektivini ciddi şəkildə sual altına alır.

Hələ iyunun 1-də Kişinyovda keçirilən beştərəfli görüşdə (Emmanuel Makron, Olaf Şolts, Şarl Mişel, İlham Əliyev, Nikol Paşinyan) Fransa lideri tərəfləri uzlaşdırmaq və onları bir məxrəcə gətirmək üçün deyil, erməni diasporunun maraqlarının müdafiəçisi olduğunu ortaya qoymuşdu. Həmin görüşdən sonra Makronun qəzəbləndiyini Fransada nəşr olunan “ArmActu” nəşri yazmışdı. Bildirilirdi ki, sammitindən sonra Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Murad Papazyanla telefon əlaqəsi saxlayan Makron qəzəbini nümayiş etdirib və beştərəfli görüşdə erməni maraqlarını müdafiə edən yeganə şəxs olduğunu bildirib: “Hətta Paşinyan özünü çox qapalı və olduqca zəif göstərib. Qarabağ ermənilərinin maraqlarının yeganə müdafiəçisi olmaq Prezident Makronu çox naqolay vəziyyətə salıb”.

Makronun sammitdən dərhal sonra erməni diasporu ilə əlaqə saxlaması Avropanın siyasi liderliyinə iddialı şəxsin ermənilərin əlində oyuncaq olduğunun daha bir göstəricisi idi və əlbəttə ki, bu mövqe Fransanın liderliyinə ciddi təhlükə yaradırdı. Nəzərə alaq ki, Fransa Afrikada mövqelərini də Makronun sayəsində əldən verir: Fransa qüvvələri Afrika ölkələrindən bir-bir çıxarılır, diplomatik münasibətlər kəsilir. Makron siyasi maraqlarını digər regionda – Cənubi Qafqazda güclənmək və hərbi baxımdan burada mövcudluğunu artırmaqla qorumağa çalışsa da, regiondakı real vəziyyət buna imkan vermir: Azərbaycan Fransanın regiona yerləşmək üçün istifadə edə biləcəyi siyasi bəhanəni – Qarabağ məsələsini 24 saat müddətində tam olaraq aradan qaldırdı. Bu ərəfədə Fransa XİN başçısının İrəvana səfəri və burada hərbi-siyasi varlığını artırmaq niyyətini açıq şəkildə ifadə etməsi yaranan yeni reallıqdan Fransanın müvazinətini itirdiyinin və aqressivləşdiyinin təzahürüdür.

Türkiyə və Rusiya da Fransanı regiona buraxmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər. “Naqolay vəziyyətə” düşən Makron isə Avropa Siyasi Birliyinin yeni sammitində diplomatik-siyasi həmləyə çalışırdı və bu cəhdlərində Almaniyanı da yanına almışdı.

Nəticə ortadadır: Azərbaycan və Türkiyə Fransanın təşəbbüsünün üstündən xətt çəkdi və bu, təkcə beştərəfli görüşlə bağlı deyil, ümumilikdə Avropa Siyasi Birliyinin Makronun təsəvvür etdiyi perspektivinə ciddi zərbədir. Fransanın illərdir böyük siyasi çabalarla ərsəyə gətirdiyi Avropa Siyasi Birliyində sərhədsiz söz sahibi olmaq düşüncəsi yerlə bir olur.

Makron diletant yanaşmaları ilə Fransanın onillərdir sahibləndiyi mövqeyi bir-bir əldə verməkdədir. Afrika və Yaxın Şərqdə Rusiya və Türkiyəyə uduzan Makron yeni siyasi ittifaqının da gələcəyinə öz naşılığı ilə balta çaldı.

Əliyevin Qranada səfərindən Türkiyənini iştirakına imkan verilmədiyi üçün imtina etməsi fonunda isə Bakıya zəng Makrondan deyil, Şoltsdan gəldi. Makron bu təşəbbüsü də əldə verdi və özünü idarə edə bilməyən gənc Emmanuel siyasi iddialarının dağıntıları altında əsəb sarsıntısı keçirərkən, Almaniya kansleri təşəbbüsə yiyələnməyə cəhd göstərir.

Əliyev-Şolts arasında rəsmən açıqlanmayan hansı danışıqların getdiyi bəlli deyil. Ancaq Almaniyanın rəsmi açıqlaması ilə Azərbaycanın rəsmi açıqlaması demək olar kiI, üst-üstə düşür. Yeganə fərq Şoltsun hərbi eskalasiyadan çəkinmək çağırışıdır ki, zatən Azərbaycanın da belə bir niyyəti yoxdur: ölkə daxilində antiterror tədbirləri çoxdan və qısa müddətə başa çatıb, separatçı-terrorçu qurum özünü buraxıb, Azərbaycanın suverenliyi bütün ölkə ərazisində təmin olunub.

Makron Avropa Siyasi Birliyinin 3-cü sammitində ağır zərbə aldı, onun liderliyində ədalətsiz müzakirə olduğu elan edildi və bölgəyə siyasi girişinin qapıları üzünə bağlandı. Fransanın hərbi girişinə isə Türkiyə, Rusiya və ən əsası, Azərbaycan imkan verməyəcək.

Avropanın ən böyük siyasi gücünün naşı liderinin yeni çılğınlıqları ilə özünü daha pis vəziyyətə salacağı gözləniləndir.

Teqlər: