Yenidən seçilmiş Prezident İlham Əliyevin andiçmə mərasimindəki nitqi onun qarşıdakı 7 illik prezidentliyinin proqramı idi.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Əliyevin Qarabağın işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqının bir yumruqda birləşdiyi barədə fikirləri analitiklərin də təsdiq etdiyi faktdır. Dövlət başçısı əvvəlki seçki vədlərinin hamısını yerinə yetirdi və əsasən Qarabağı qaytardı. Azərbaycan Prezidenti andiçmə mərasimində yenidən güclü siqnal verdi: Ermənistan uzun müddətdir ki, razılaşmaları yerinə yetirməkdən imtina edir, lakin o, onları yerinə yetirməlidir. Görürük ki, bir tərəfdən Ermənistan sülh müqaviləsi üçün öz variantlarını təklif edir, digər tərəfdən isə bu təkliflərin arxasında Azərbaycanın bədxahlarının – Fransanın, ABŞ-ın, AB-nin “yaxşı məsləhətləri” dayanır. Onlar regionda mütəmadi olaraq “oyun qaydalarını” pozur və görünür, Ermənistan ordusunun Azərbaycanla sərhəddə fevralın 12-də baş vermiş təxribatının arxasında dururlar”, – o bildirib.
Ekspertin sözlərinə görə, Əliyev inauqurasiya nitqində İrəvana da xəbərdarlıq edib:
“Azərbaycana qarşı ərazi iddiaları Ermənistan qanunvericiliyindən çıxarılmasa, sülh müqaviləsi olmayacaq. Əliyev çıxışında bir daha aydın şəkildə göstərdi ki, bu gün Ermənistan tamamilə qeyri-sabit dövlətdir. Və onun rəhbərliyi verdiyi vədlərin yarısını icra etmir. İrəvanda bu gün bir şey deyə bilərlər, sabah başqa bir şey. Qərbdən gələn zəngdən sonra dərhal fikirlərini dəyişə bilərlər ki, yox, belə deməmişik. Bir neçə gün əvvəl Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribat AB “missiyası”nın kəşfiyyatçılardan ibarət əməkdaşlarının bilavasitə iştirakı ilə törədilib. Əliyevin siyasəti bu gün çoxqütblü dünyanın inkişaf tendensiyalarına çox aydın şəkildə cavab verir. Azərbaycan bu gün nəinki zamanın çağırışlarını hiss edir, həm də onlara cavab verməyə başlayır”.