Ermənistan XİN rəhbəri Ararat Mirzoyan danışıqları pozmaqla məşğuldur. Mirzoyan çox yaxşı bilir ki, Qranada görüşü Azərbaycan tərəfindən rədd edilib, Prezident Əliyev o görüşə getməyib. Orada qəbul edilmiş qərarlar rəsmi Bakı tərəfindən təsdiqlənməyibsə, hansı “Qranada prinsipləri”ndən söhbət gedə bilər?
Bu sözləri AzerTimes-a politoloq Zaur Məmmədov Ararat Mirzoyanın “Ermənistan tərəfi Qranadada qəbul edilmiş prinsiplər əsasında irəliləməyə hazırdır” sözlərini şərh edərkən deyib.
O bildirib ki, “Qranada prinsipləri” Azərbaycan üçün məqbul deyil:
“Danışıqlar Azərbaycanın təqdim etdiyi beş prinsip əsasında gedir və əlavə olaraq Azərbaycanın bu məsələ ilə bağlı bəyanatları var. Prezident İlham Əliyev bildirib ki, Ermənistan zəmanət verməlidir ki, sabah Azərbaycan əraziləri ilə bağlı başqa cür düşünməyəcək. Ümumiyyətlə, məsələlərə baxış bucağı ilə bağlı ermənilərin əlavələri varsa, onda mütləq şəkildə bu, qarşılıqlı olmalıdır. Gözlənilən odur ki, bəzi xarici dairələrdən Ermənistan hakimiyyətinə təzyiq elemenetləri artacaq. Bu təzyiqlər fonunda sülh müqaviləsinə hazırda yaxın olan Ermənistanın sənədə imza atıb-atmayacağını görəcəyik”.