Ermənistan Baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Aİ Şurasının rəhbəri Şarl Mişellə üçtərəfli görüşə gəlməkdən qorxduğunu rəsmən elan edib.
AzerTimes xəbər verir ki, bu barədə Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışı zamanı deyib.
Prezident qeyd edib ki, Şarl Mişelin ofisindən ötən gün Prezidentin köməkçisi Hikmət Hacıyevə zəng edilib, bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır.
İlham Əliyev isə bu cür “şərtli” görüşdən imtina edib.
Bu, Nikol Paşinyanın birbaşa görüşlərdə iştirak etməyə qorxduğu, 10 noyabr 2020-ci il bəyanatının əsas şərtlərini – qanunsuz silahlı birləşmələrin çıxarılması və Zəngəzur dəhlizinin açılması tələbinin yerinə yetirilmədiyi üçün təzyiqlərlə üzləşəcəyi, ona görə də Makronu “arxa kimi” gətirmək istəyinin nəticəsidir.
Xatırladaq ki, bundan öncə Prezident İlham Əliyev regiona heç bir aidiyyəti olmamasına baxmayaraq, Fransa prezidentinin görüşdə iştirakına razılıq vermiş və Praqada dördlü görüş baş tutmuşdu. Lakin həm sözügedən görüşdə, həm də onun ardınca Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe Makronun vasitəçi deyil, “ikinci Paşinyan” kimi görüşə qatıldığını təsdiqləmişdi. İlham Əliyev isə hələ o zaman “bir görüşdə iki bacı ilə” üz-üzə oturmayacağının mesajını vermişdi.