14:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münhendə Avropa İnvestisiya Bankının (EIB) prezidenti Verner Hoyer ilə görüşüb.
AzerTimes xəbər verir ki, dövlətimizin başçısı Avropa İnvestisiya Bankı ilə Azərbaycan arasında əməkdaşlıqdan məmnunluğunu ifadə etdi, ölkəmizin Avropa İttifaqı ilə çox sıx əlaqələrinin olduğunu bildirdi.
Azərbaycan Prezidenti Cənub Qaz Dəhlizi layihəsinin icrası prosesində Avropa İnvestisiya Bankının maliyyə tərəfdaşı kimi yaxından iştirakına görə təşəkkürünü ifadə etdi.
Azərbaycanın inkişaf gündəliyində duran rəqəmsal transformasiya, bərpaolunan enerji resurslarının inkişafı və ixracı, nəqliyyat bağlantılarının genişləndirilməsi konsepsiyası haqqında məlumat verən dövlətimizin başçısı Avropa İnvestisiya Bankının hər üç sahə üzrə ölkəmizin yaxın tərəfdaşı ola biləcəyini dedi.
Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfərini, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşlərini məmnunluqla xatırladı.
Dövlətimizin başçısı hazırda Azərbaycanın Avropa İttifaqının enerji təminatında oynadığı rolu, Ursula Fon der Lyayenin Azərbaycana səfəri zamanı Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.
Azərbaycanın Avropanın enerji bazarına qaz ixracını artırdığını diqqətə çatdıran Prezident İlham Əliyev, həmçinin ölkəmizin Xəzər dənizinin Azərbaycan sektorunda və quruda böyük bərpaolunan enerji potensialına malik olduğunu vurğuladı. Dövlətimizin başçısı bu xüsusda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyətini diqqətə çatdırdı, hazırda beynəlxalq tərəfdaş şirkətlərlə 25 qiqavatadək bərpaolunan enerji istehsalı ilə bağlı müxtəlif sənədlərin imzalandığını, bu istiqamətdə işlərin aparıldığını vurğuladı.
Prezident İlham Əliyev Azərbaycanın Orta Dəhliz üzərində yerləşən ölkə olaraq nəqliyyat-logistika potensialının daha da artırılması və azad ticarət zonasının yaradılması planları haqqında məlumat verərək, bu sahədə də əməkdaşlıq imkanlarının böyük olduğunu diqqətə çatdırdı, eyni zamanda, ölkəmizdə cəlbedici investisiya mühitinin yaradıldığını bildirdi.
Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer Prezident İlham Əliyev tərəfindən qeyd olunan strateji xəttin rəhbərlik etdiyi maliyyə qurumunun maliyyələşdirmə strategiyası, həmçinin Avropa İttifaqının da qəbul etdiyi “EU Global Gateway” strategiyasında nəzərdə tutulmuş hədəflər ilə tam uyğunluq təşkil etdiyini bildirdi və bu sahələrdə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. O, Avropa İnvestisiya Bankının xüsusilə “Yaşıl enerji” konsepsiyasını yaxından dəstəklədiyini diqqətə çatdırdı.
Verner Hoyer Prezident İlham Əliyevin ölkənin maliyyə resurslarından müdrikliklə istifadə edərək Azərbaycanın uzunmüddətli inkişafına xidmət göstərən layihələrin icra olunduğunu vurğuladı. O, həmçinin Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rola görə təşəkkürünü ifadə etdi.
Görüşdə nümayəndə heyətləri səviyyəsində təmasların davam etdirilməsi və qarşılıqlı maraq doğuran birgə layihələrin müəyyənləşdirilməsi ilə bağlı razılıq əldə olundu.