İranda seçkinin nəticəsi bəlli olduqdan dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyevin İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi yerində idi. Azərbaycanlının İranın dövlət başçısı seçilməsi iki ölkə arasındakı münasibətlərə yeni nəfəs verə bilər.
AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Prezident İlham Əliyevin İranın yeni seçilən Prezidenti, azərbaycanlı Məsud Pezeşkianı Azərbaycana səfərə dəvət etməsi haqda qeyd edib.
“Eyni millətin rəhbərləri yaxın olmağa çalışmalıdırlar. Bu fürsətdən yararlanmaq Pezeşkianın əlindədir. Əlbəttə, ali dini lider və onun ətrafı, o cümlədən SEPAH yeni prezidentin daxili və xarici siyasətdəki təşəbbüslərinin qarşısını almağa çalışacaqlar. Əngəllərə baxmayaraq, Pezeşkianın birinci xarici səfərini Azərbaycana və ya Türkiyəyə etməsi bölgədə canlanma yaradacaq. Bu, İran üçün də faydalıdır. Məzhəbçilik üzərindən başqa dövlətlərin daxili işlərinə qarışmaq, maraq qrupları formalaşdırmaq, onları maliyyələşdirmək və silahlandırmaq İranın gələcəyinə və qonşularıyla münasibətlərinə yaxşı heç nə vəd etmir”, – politoloq vurğulayıb.