Əliyev Blinkenə fakt açıqladı: İran və Fransanın gizli sövdələşməsi

Əliyev Blinkenə fakt açıqladı: İran və Fransanın gizli sövdələşməsi

Dövlət katibi Entoni Blinkenin aprelin 5-də Ermənistan-AB-ABŞ formatında keçiriləcək Brüssel görüşündən öncə Prezident İlham Əliyevə telefon zəngi Vaşinqtonun nöqteyi-nəzərində vəziyyəti Bakıya izah etmək zərurətindən qaynaqlanır. ABŞ-da anlayırlar ki, Cənubi Qafqazla bağlı istənilən planda Azərbaycanın mövqeyi nəzərə alınmalıdır, əks təqdirdə, bu planlar ən yaxşı halda kağız üzərində qalacaq. Blinkenin zəngi də bu məqsədi daşıyırdı və dövlət katibi Prezident Əliyevə verdiyi izahatda iki məqamı xüsusilə vurğulayır:

– Brüssel görüşü Azərbaycana qarşı deyil;

– Görüş siyasi və hərbi yox, iqtisadi xarakter daşıyır.

Hərçənd, ABŞ Azərbaycanın narahatlığını nəzərə alaraq, görüşün təxirə salınmasını istəmir. Bu məqam Blinkenin Azərbaycanı “əmin etmək” üçün qeyd etdiyi hər iki məqamı sual altına salır və Qərbin Ermənistanın “təhlükəsizliyi” adı altında bölgəyə daxil olmaq istəyini açıq şəkildə otaya çıxarır.

Birincisi, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb, bölgədə qeyri-sabitlik dövrü hələ də davam edir və bu kontekstdə İrəvana verilən dəstək erməni revanşizminin yenidən baş qaldırması ilə nəticələnəcək: 4 ildir sülh müqaviləsini imzalamaqdan bu və ya digər formada imtina edən Ermənistan regionda siyasi tarazlığın dəyişməsi arzusu ilə yaşayır; İrəvanda Brüssel görüşünü məhz bu kontekstdə dəyərləndirirlər və aydındır ki, Qərbin kollektiv dəstəyini arxasına alan Ermənistan Azərbaycanla sülh danışıqlarında qeyri-konstruktiv mövqeyini daha geniş şəkildə sərgiləyəcək; bu baxımdan, görüşün Bakıya qarşı olduğu reallığı ortadadır;

İkincisi, Blinkenin dediyi kimi, Brüssel görüşü iqtisadi xarakter daşısa da, yekun hədəf hərbi məqsədlərə nail olmaqdır: Qərb Ermənistanda möhkəmlənmək və regiona bu ölkə üzərindən müdaxilə etmək istəsə də və bu məqsədlə İrəvana siyasi-hərbi müstəvidə dəstək versə də, iqtisadi reallıqlar planlarnın icrasını çətinləşdirir; çünki Ermənistan iqtisadi baxımdan böyük ölçüdə Rusiya və onun nəzarət etdiyi bazarlardan asılıdır, məhz buna görə İrəvana iqtisadi dəstək verməklə, ondan Qərb qüvvələri üçün Cənubi Qafqaza “qapı açması”nı istəyirlər; bu o deməkdir ki, Brüssel görüşü “iqtisadi xarakter” daşısa da, Ermənistanın “təhlükəsizliyinin şaxələndirilməsi” adı altında Qərb ölkələrinin regiona hərbi müdaxiləsinin başlanğıcı olacaq.

Prezident İlham Əliyevin Blinkenlə telefon söhbətində açıqladığı məlumatlar da bunu təsdiq edir. Dövlət başçısı qeyd edib ki, “onda olan məlumata görə, üçtərəfli görüşə hazırlıq prosesində Ermənistana hərbi dəstək və birgə hərbi təlimlərin keçirilməsi, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa Birliyinin Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər də müzakirə olunub”.

Əliyev antiazərbaycan mahiyyəti daşıyan bu kimi addımların, o cümlədən Fransa tərəfindən də Ermənistanın silahlandırılması siyasətinin regionda silah yarışına rəvac verdiyini və təxribatlara gətirib çıxaracağını vurğulayıb. Əlavə edib ki, aprelin 5-də keçirilməsi planlaşdırılan ABŞ, Avropa Birliyi və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanması, qeyri-inklüziv xarakter daşıması və Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə salınmaması Cənubi Qafqazda sülhə, əməkdaşlığa deyil, ayırıcı xətlərin və nəticə etibarilə, gərginliyin yaranmasına gətirib çıxaracaq.

Brüssel görüşündən sonra Cənubi Qafqazın geosiyasi poliqona çevrilməsi riski mövcuddur. Hadisələrin mümkün inkişafı da bunu deməyə əsas verir:

– Qərbin siyasi-hərbi-iqtisadi dəstəyini alan Ermənistan Rusiya qüvvələrinin çıxarılması istiqamətində praktiki addımlara start verəcək;

– 30 il bölgədə Rusiyanın forpostu olan Ermənistan bundan sonra Fransa başda olmaqla Qərb qüvvələrinin hərbi plasdarmına çevriləcək.

Və bu situasiya Ermənistanda, həm də Ermənistan üzərindən Cənubi Qafqazda Rusiya-Qərb qarşıdurması açıq müstəviyə keçəcək. Hadisələrin bu cür inkişafı regiona gərginlik vəd edir. Blinkenin gətirdiyi “arqumentlərə” və verdiyi izahata baxmayaraq, reallığın bundan ibarət olduğu məlumdur. Prezident İlham Əliyevin açıqladığı məlumatlar da bunu deməyə əsas verir.

Bütün bunların fonunda əsas diqqətçəkən məqamlardan biri İranın susqunluğudur. Bölgədə siyasi tarazlığı alt-üst edə biləcək görüşə artıq saatlar qalıb, Tehran isə səssizliyə bürünüb. Halbuki İran regiona kənar qüvvələrin gətirilməsini “qırmızı xətlər”indən biri kimi təqdim edirdi və bu iddia ilə Azərbaycana qarşı qondarma ittihamlar irəli sürürdü. Hətta Zəngilanda camış fermasının açılmasını İsrailin hərbi bazasının qurulması kimi qələmə verəcək qədər “həssas mövqe” sərgiləyirdi. İndi Ermənistan İranın “ən böyük qorxusu” olan kənar qüvvələri regiona gətirir, onun sərhədləri dibində ABŞ və Avropa Birliyinin hərbi bazası qurulur, NATO qüvvələri bu və ya digər adlar altında bölgəyə daxil olur, Tehran isə heç bir reaksiya vermir? Necə olur ki, Zəngilandakı camış fermasını hərbi baza kimi görən İran Qərbin Ermənistana daxil etdiyi hərbi kontingenti və onunla sərhəddə qurduğu hərbi bazaları görmür?

İranın bu susqunluğu “siyasi korluqdan” qaynaqlanmır, əksinə bunun arxasında ciddi əsaslar var və Tehranın səssizliyini iki istiqamətdə izah etmək olar:

Birincisi, Qərbin Ermənistandan çıxarmaq istədiyi Rusiyanın yerində müəyyən paya sahib olmaq: Tehranın İrəvana “təhlükəsizlik” və “hərbi baza” təklifləri verməsi haqda informasiyalar fonunda bu məqam xüsusilə ön plana çıxır;

İkincisi, İranın Qərblə, xüsusilə Fransa ilə gizli əməkdaşlığı mövcuddur: Fransanın İrəvandakı səfiri Olivye Dekottini ötən ayın əvvəlində açıqladığı “İranla bir çox məsələdə fikir ayrılığımız var, amma Ermənistanla bağlı eyni mövqedəyik” sözləri də diqqəti bu istiqamətə yönəldir.

İran və Fransanın gizli əməkdaşlığının tarixi 1979-cu il inqilabına dayanır. Şah rejimindən qaçan Xomeyni o zaman Fransada siyasi sığınacaq almışdı və İrana inqilab ideyalarını da oradan “ixrac edirdi”. Xomeyninin hakimiyyətə gəlişində (gətirilməsində) əsas məqsədin həmin vaxt Moskva ilə münasibətləri loyallaşdıran Şah rejiminin devrilməsi və SSRİ-nin sərhədlərində “dini rejimin” qurulması ilə kommunizmin yayılması təhlükəsinə qarşı səddin çəkilməsi idi. Əks təqdirdə, hakimiyyətə gəlişi ilə Qərbə “müharibə elan” edən Xomeyni Fransada sığınacaq ala bilməzdi. Onun iqtidarı ələ keçirəndən sonra Qərblə “qarşıdurması” da daha çox danışılmış oyuna bənzəyirdi və bu oyunun hələ də davam etdiyinə dair fikirlər var. Fransa və İran arasında gizli əməkdaşlığa dair məqamlar nüvə danışıqlarında da sezilirdi. Paris gərgin danışıqlar masasında Tehranın maraqlarını bu və ya digər formada nəzərə alır, nüvə məsələsinə görə İrana hərbi müdaxiləyə qarşı çıxırdı. İsrailin ötən ilin martında İrana müdaxilə ilə bağlı beynəlxalq koalisiya yaratmaq planlarını pozan əsas ölkənin də məhz Fransa olduğu haqda məlumatlar var.

44 günlük müharibədən sonra İran və Fransanın gizli əməkdaşlığı Ermənistanda daha açıq şəkildə özünü göstərdi. Emənistanın əsas dəstəkçisi kimi Qərbdə Fransa, regionda isə İran çıxış edir və hər iki ölkənin İrəvanla bağlı “qırmızı xətləri” də eynidir. Müşahidələr göstərir ki, qeyri-rəsmi formada İran-Ermənistan-Fransa üçbucağı formalaşıb və bu üçlük ortaq mövqedən çıxış edir.

– İranın Fransanın lobbiçiliyi ilə Hindistandan Ermənistana gətirilən silahlara tranzit keçid verdiyi haqda səhih məlumatlar mövcuddur;

– Zəngəzur dəhlizinə qarşı çıxan Fransa və İran Fars körfəzi-Qara dəniz (İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa) marşrutunu birgə dəstəkləyir;

– Fransa və İran Ermənistanın maraqlarına görə Azərbaycana qarşı mövqe sərgiləyir.

Görünür, İranın sərhədləri dibinə Qərb qüvvələrini gətirən Ermənistana heç bir reaksiya verməməsi də Paris-Tehran xəttindəki gizli sövqələşmənin tərkib hissəsidir. İstisna deyil ki, İran Qərbin Cənubi Qafqaz planlarında yer alır.

Teqlər: