Paşinyan özü bir neçə ay əvvəl İlham Əliyevin konstitusiyanı dəyişdirməsini tələbini qanuniləşdirdi.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.
“Əgər diqqət yetirdinizsə, bizim XİN Əliyevin digər tələbi barədə susdu, bununla da Minsk Qrupunun buraxılması ilə bağlı onunla faktiki olaraq həmrəyliyini nümayiş etdirmiş oldu”, – deyə o bildirib.
Politoloqun fikrincə, Azərbaycanın bu məsələni niyə indi – Ermənistan daxili siyasi həyatında gərginliyin olduğu vaxtda qaldırması maraqlı məqamdır. O düşünür ki, bu həmlə Paşinyana kömək edə bilər:
“Görünən odur ki, Paşinyan bu gərginlikdən istifadə etməyə cəhd edərək, Azərbaycanla danışıqlarda vaxt qazanmaq istədi. Lakin dünən Əliyev başa saldı ki, Paşinyana vaxt vermək niyyətində deyil”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edərkən, Bakının Ermənistandan iki əsas məsələ ilə bağlı addım atmasını gözlədiyini açıqlayıb:
“Onlardan biri Ermənistanın Konstitusiyasıdır ki, orada Azərbaycana qarşı ərazi iddiaları var. İkincisi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddialarına son qoyulmalıdır. Təbii ki, biz artıq bunu Ermənistan tərəfinə təklif etmişik ki, Azərbaycan və Ermənistan ATƏT-ə birgə müraciət etsin ki, Minsk qrupu ləğv edilsin. Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir. Biz onun fəaliyyət göstərməsinə de-fakto imkan verməyəcəyik. Qaldı ki, de-yure – hüquqi cəhətdən bu, ləğv edilsin və bu, Ermənistanın nə qədər səmimi olmasından xəbər verəcək. Əgər Ermənistan Minsk qrupunun saxlanmasına üstünlük versə, deməli, onların bizə qarşı ərazi iddiaları davam edir.