Əliyev 20 illik dövrü qapadı: yeni mərhələ elan etdi

Əliyev 20 illik dövrü qapadı: yeni mərhələ elan etdi

Azərbaycan Ermənistanla müharibə mərhələsinin başa çatdırır, bundan sonra döyüş masada aparılacaq və nəticələr İrəvan üçün heç də arzuolunan perspektiv vəd etmir.

Prezident İlham Əliyevin Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı Ermənistanın sülh sazişindən imtina edəcəyi təqdirdə atılacaq addımlarla bağlı dediyi “biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq” fikirlərini bu cür oxuya bilərik.

Bu, yeni mərhələdir. Arxada qalan müharibə dövrü əslində 2020-ci ilin 27 sentyabrda yox, 2003-cü ilin 31 oktyabr tarixində – Prezident seçilən İlham Əliyev andiçmə mərasimində Qarabağın azad ediləcəyi vədini elan edəndə başlamışdı. 17 il ərzində Qarabağ əməliyyatını hazırlayan Əliyev 44 gün ərzində prosesi tamamladı. Hərçənd, böyük müharibə başa çatsa da, döyüşün hərbi müstəvidə aparıldığı mərhələsi tamamlanmamışdı:

Birincisi, Ermənistan kapitulyasiyaya imza atasa da, revanşizm mövqeləri hələ də davam edirdi;

İkincisi, işğal dövründə qanunsuz olaraq irəli çəkilən sərhədlər bərpa olunmamışdı;

Üçüncüsü və ən mühümü, Laçın yoluna nəzarət əldə olunmamışdı.

44 günlük müharibədən sonra əynində hərbi mundiri ilə azad olunmuş ərazilərə səfərlər edən Əliyevin Ermənistana verdiyi mesajların məğzini “dəmir yumruq” təşkil edirdi. Bu, həm revanşistlərə, həm də zaman-zaman təxribatlara əl atan Paşinyan hakimiyyətinə ünvanlanmışdı. Azərbaycan lideri haqlı idi, çünki 10 noyabrda kapitulyasiyaya imza atsa da, İrəvan həm sərhədlərimiz daxilində – Qarabağda, həm də sərhəd boyunca təxribatlara əl atır, masada əlini gücləndirmək üçün hücumlar təşkil edirdi. Və Əliyevin hər xəbərdarlığından sonra Ermənistanın təxribatlarına qarşı adekvat addımlar atan Ordumuz iki istiqamətdə ciddi nəticələr əldə etdi:

– Qarabağda İrəvanın dəstəyi ilə baş qaldıran separatçıları tamamilə mühasirəyə aldı;

– İşğal dövründə Ermənistanın irəli çəkildiyi dövlət sərhədini Arazdan Kəlbəcərə qədər praktiki olaraq bərpa etdi.

Bu addımlar Ermənistanın müharibədən sonra yaranmış yeni reallığı dəyişdirmək imkanlarını sırada çıxardı, hərçənd, Laçın yoluna nəzarətin bərpa edilməməsi hələ də “qapının aralı” qalmasına şərait yaradırdı.

23 apreldə Laçın sərhəd-keçid məntəqəsinin qurulması ilə bu “qapı” bağlandı və Ermənistanın revanşizm imkanları tamamilı sıfırlandı. Laçın Əliyevin Qarabağ əməliyyatının son nöqtəsi hesab edilə bilər:

a) Laçın nəzarət-keçid məntəqəsinin yaradılması ilə Ermənistanla sərhəd praktiki olaraq təmin edildi və Arazdan Kəlbəcərə qədər uzanan sərhəd halqası tamamlandı;

b) Qarabağ məsələsi de-fakto olaraq da daxili işimizə çevrildi;

c) Qarabağ münaqişəsinin “nəfəsliyi” olan “Laçın dəhlizi” anlayışı tarixdən silindi.

Məhz Laçın postunun qurulmasından – Ermənistanın Azərbaycan sərhədləri daxilinə uzanan əllərinin kəsilməsindən sonra Əliyev döyüşün hərbi müstəvidən masaya köçürüldüyü mərhələni elan etdi.

Prezidentin Laçın postu qurulandan sonra azad edilmiş ərazilərə səfərində hərbi mundir əvəzinə mülki geyimdə olması da bu kontekstdə təsadüfi deyil. Bakı İrəvanı sülhə məcbur etmək üçün artıq hərbi müstəvidə addımlar atmayacaq, diplomatiya yolunu seçəcək və masada Ermənistan üçün seçimin sayı çox yox, cəmi ikidir: ya Azərbaycana qarşı ərazi iddialarından imtina edəcək, sülh sazişini imzalayacaq və regional layihələrə qoşulmaq, iqtisadi dividentlər əldə etmək şansı qazanacaq; ya bundan imtina etməklə əslində öz gələcəyindən imtina etmiş olacaq və 30 illik işğal dövründə olduğu kimi bundan sonra da layihələrdən təcrid olunacaq.

Paşinyanın 3 mayda, Prezidentin Şuşa çıxışının ardınca Ermənistan parlamentində verdiyi açıqlamalar bu reallığı anladığını göstərir, lakin bunu ermənilərə izah etmək artıq onun problemidir.

Azərbaycan üçün problem böyük ölçüdə həll edilmiş Qarabağdakı separatizmdir. Ki, Laçın postu onların mövcud olmaq imkanlarını tamamilə arxa plana keçirdi.

Və Əliyev hərbi mundirini Ermənistan üçün çıxarıb, “dəmir yumruq” isə yerindədir və yaxın dövrdə separatizmin ləğvi məqsədilə yenidən endiriləcəyi istisna deyil.

Teqlər: