Əlilliyin yeni meyarlarla təyinatı üçün mexanizm demək olar ki, hazırdır – Komitə sədri

Azərbaycanda əlilliyin yeni meyarlarla təyin edilməsi
istiqamətində işlər yekunlaşmaq üzrədir, demək olar ki, mexanizm
hazırdır.

Bunu AzerTimes-a Milli
Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
deyib.

M.Quliyev bildirib ki, Nazirlər Kabineti artıq yeni meyarları
təsdiq edib. “Bu sahə ilə əlaqədar üç təşkilat, Səhiyyə Nazirliyi,
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və TƏBİB arasında da
internet mübadiləsi aparılıb, elektron bazaları bir-biriləri ilə
əlaqələndirilib.

2022-ci il iyulun 1-dən artıq yeni meyarlar eleckron qaydada
tətbiq olunacaq. Hesab edirəm ki, yeni meyarların tətbiqi əlillik
təyinatı ilə bağlı bir çox problemləri aradan qaldıracaq. Həm
şəffaflıq təmin olunacaq, həm üzləşdiyimiz bir sıra problemlər
aradan qalxacaq, həm də vətəndaşların vaxtında informasiya almaq
imkanı olacaq və müraciət edən zaman qısa müddət ərzində ekspertiza
aparılıb təyinatlar olacaq”, – deyə M.Quliyev bildirib.

Qeyd edək ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
qanuna dəyişikliklər edilib. Dəyişikliklərin 2022-ci il iyulun
1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Yeni qaydalara əsasən,
əlillik orqanizmin funksiyasının itirmə dərəcəsinə görə, yəni
faizlə müəyyən ediləcək. Orqanizmin funksiyasının 30-60 faiz
itirilməsi III qrup, 60-80 faiz itirilməsi II qrup, 80-100 faiz
itirilməsi isə I qrup hesab olunacaq.

İndiki qaydalara əsasən, əlillik 150-160 xəstəlik üzrə müəyyən
edilir, lakin yeni qaydalarda bu xəstəliklərin sayı 800-ə qədər
artırılır. Yəni artıq 150-160 yox, 800-ə yaxın xəstəlik üzrə
əlillik dərəcəsi almaq mümkün olacaq.

Teqlər: