Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi əlilliyi olan qadınların və Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsində Hökumətin səylərinə dəstək məqsədi daşıyan layihənin Rəhbər Komitəsinin iclası olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzerTimes-a verilən məlumata görə, iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Birinci vitse-prezidentin Katibliyinin nümayəndəsi Fərqan Abbaszadə, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakassetti, BMT-nin Əhali Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev, layihə heyəti və b. iştirak edib.
Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə, müharibə iştirakçılarına göstərdiyi xüsusi qayğını qeyd edən S.Babayev bu istiqamətdə reallaşdırılan tədbirləri diqqətə çatdırıb. Nazir Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan, Azərbaycan Hökuməti, BMT-nin İnkişaf Proqramı və BMT-nin Əhali Fondunun birgə icra etdiyi layihənin də bu sahədə aparılan işlərə dəstək məqsədi daşıdığını deyib. O, 2019-cu ilin fevralından başlayan layihənin komponentləri üzrə hədəf qruplarının məşğulluq və özünüməşğulluq, əmək bazarına çıxış imkanlarına yiyələnmələri üçün aparılan işlərin önəmini diqqətə çatdırıb. Hədəf qruplarına biznes-planın hazırlanması, biznes ideyalarını reallaşdırmaq, bacarıqlarını artırmaq və s. üçün təşkil olunan təlimlərin, həmçinin biznes ideyalarını həyata keçirmələri üçün aktivlərlə təchizat işlərinin önəmini qeyd edib.
S.Babayev layihə çərçivəsində İnklüziv İncəsənət Məktəbinin yaradılmasının əhəmiyyətindən bəhs edib. Məktəbdə əlilliyi olan tələbələrə rəsm, toxuculuq, oymaçılıq və s. istiqamətlər üzrə təlim kurslarının təşkil edildiyini, burada hazırlanmış məhsulların satış sərgisinin də təşkil edildiyini diqqətə çatdırıb. İnklüziv İncəsənət Məktəbində hazırlanan məhsulların yeni yaradılacaq Binəqədi DOST mərkəzində də nümayişi və satış- sərgisinin təşkil olunacağını bildirib.
İclasda iki illik layihənin komponentləri üzrə aparılan işlər, layihəyə yeni dəstək istiqamətlərinin əlavə olunması və yeni komponentlər üzrə Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Tərtər rayonlarında fəaliyyətlərin icra edilməsi, layihənin müddətinin bu ilin sonunadək uzadılması və s. məsələlər müzakirə olunub.