Şəki. Fərid Zöhrabov – Trend:
Əlilliyi olan şəxslərə əvvəlki ilə nisbətən 37,1% çox olmaqla 48 min reabilitasiya vasitəsi verilib.
AzerTimes-ın məlumatına görə, bu barədə Şəki Reabilitasiya Mərkəzinə mediatur zamanı deyilib.
Qeyd edilib ki, 8716 şəxs reabilitasiya vasitələri ilə təmin olunub ki, onlardan 1200 nəfəri ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində ötən il ümumilikdə, 9325 nəfərə reabilitasiya xidmətləri göstərilib.
Eyni zamanda, 184 hərbçi yüksək texnologiyalı müasir 4-cü nəsil protezlə təmin edilib.
Müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Şəki Reabilitasiya Mərkəzində limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya, amplipuls, fonoforez, qısa dalğa diotermiya, UVÇ, zərbədalğa terapiya, elektroforez, müalicəvi masaj, hidromasaj, traksiya, müalicəvi bədən tərbiyəsi terapiyası və digər prosedurlar həyata keçirilir. Burada Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.
Postmüharibə dövründə Mərkəzdə müharibədə yaralanmış hərbi qulluqçulardan, yaxınlarından, habelə şəhid ailəsi üzvlərindən ibarət 100-dək şəxsin sosial-psixoloji və reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilib.
KİV nümayəndələri Mərkəzdə yaradılan şəraitlə və göstərilən reabilitasiya xidmətləri ilə, burada tətbiq olunan fizioterapevtik prosedurlarla tanış olublar.